Hörmüz boğazı artıq təkcə ABŞ və İranın problemi deyil

Hörmüz boğazı artıq təkcə ABŞ və İranın problemi deyil
15:33

Hörmüz boğazı ətrafında yaranan gərginlik yalnız ABŞ və İran arasında münasibətlər çərçivəsində qiymətləndirilməməli, bu məsələnin hüquqi əsaslarla fundamental şəkildə həlli təmin olunmalıdır.

Bu fikirləri politoloq Polad Mehdiyev News365.az-a açıqlamasında səsləndirib.


Politoloqun sözlərinə görə, Hörmüz boğazının hüquqi rejimi indiyədək ABŞ və İran arasında mübahisə predmeti olmayıb.

“Əslində, Hörmüz boğazı ilə bağlı məsələ fundamental və kökündən həll olunmalıdır. Bu məsələ heç vaxt ABŞ və İran arasında hüquqi mübahisə predmeti olmayıb. İran müxtəlif dövrlərdə Hörmüz boğazı ilə bağlı iddialar səsləndirsə də, indiyədək bu istiqamətdə real addımlar atmayıb. Lakin ABŞ-İran arasında uzun illər davam edən qarşıdurma nəticəsində Hörmüz boğazı artıq iki ölkə arasında əsas müzakirə mövzularından birinə çevrilib. Hətta demək olar ki, bu məsələ artıq bütün dünya üçün mühüm müzakirə predmetidir”, – deyə o bildirib.

Polad Mehdiyev qeyd edib ki, bunun əsas səbəbi Hörmüz boğazının beynəlxalq ticarət və enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşımasıdır.

“Çünki məsələ yalnız ABŞ və İranı maraqlandırmır. Hörmüz boğazı dünya ticarəti və enerji daşımalarında mühüm paya malikdir. Burada yaranan hər hansı risk və ya keçidin məhdudlaşdırılması Körfəz ölkələrinin, Avropa dövlətlərinin, Türkiyənin və Çinin maraqlarına birbaşa təsir göstərir. Çin həm enerji idxalçısı, həm də ixracatçı ölkə kimi bundan ciddi şəkildə təsirlənir. Bu səbəbdən Hörmüz boğazında sabitliyin qorunması bütün beynəlxalq ictimaiyyət üçün vacib məsələdir”, – deyə politoloq vurğulayıb.

Ekspert bildirib ki, problemin əsas mahiyyəti boğazın hüquqi rejiminin beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənməsidir.

“Boğazların, beynəlxalq keçidlərin və beynəlxalq suların hüquqi rejimi əsasən beynəlxalq adət hüququ, eləcə də 1982-ci il 10 dekabr tarixində qəbul edilmiş BMT-nin Dəniz Hüququ Konvensiyası ilə tənzimlənir. Məhz bu hüquqi mexanizmlər belə risklərin qarşısının alınmasında əsas rol oynayır”, – deyə Polad Mehdiyev əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada