Ələt Azad İqtisadi Zonasında inşa edilən hava limanının 2027-ci ilin ortalarında istifadəyə verilməsi planlaşdırılır.
News365.az xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Azərbaycan-İtaliya Biznes Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, "Silk Way Airlines" şirkəti ilə Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının və onun ətrafında müvafiq logistika infrastrukturunun yaradılması barədə razılıq əldə olunub.
Valeh Ələsgərov qeyd edib ki, layihənin həyata keçirilməsi üçün 750 hektar torpaq sahəsi ayrılıb.
Bildirilib ki, hava limanının tikintisi 2027-ci ilin ortalarından gec olmayaraq başa çatdırılacaq və beynəlxalq yükdaşımalar üçün istifadəyə veriləcək.
İlkin mərhələdə hava limanının illik yükdaşıma qabiliyyəti 500 min ton təşkil edəcək. Gələcəkdə bu göstəricinin mərhələli şəkildə 2 milyon tona çatdırılması nəzərdə tutulur.