Müzakirə yoxsa monoloq? Jurnalist televiziya debatlarını tənqid etdi

Müzakirə yoxsa monoloq? Jurnalist televiziya debatlarını tənqid etdi
10:37

Televiziya müzakirələrinin keyfiyyəti yalnız iştirakçıların biliyi ilə deyil, onların bir-birini dinləmək və fərqli fikirlərə münasibət göstərmək bacarığı ilə də ölçülür. Lakin Azərbaycanda bir çox müzakirələr fikir mübadiləsindən daha çox ayrı-ayrı çıxışlara, hətta monoloqlara çevrilir.

News365.az xəbər verir ki, jurnalist Azər Rəşidoğlu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O, mərhum tarixçi İlber Ortaylı ilə alim Celal Şengörün televiziya söhbətlərini nümunə göstərərək onların müzakirələrinin maraqlı alınmasının səbəblərinə diqqət çəkib.

Jurnalistin fikrincə, bu söhbətləri cəlbedici edən təkcə iştirakçıların geniş biliyə malik olması deyil, həm də bir-birini dinləməyi bacarmalarıdır. Onlar mübahisə edir, fərqli mövqelər səsləndirir, hətta bəzən sərt danışırlar. Ancaq fikir ayrılığını şəxsi qarşıdurmaya çevirmirlər. Əsas məqsədləri qarşı tərəfi susdurmaq deyil, mövzunu daha dərindən anlamaqdır.

Azər Rəşidoğlu hesab edir ki, Azərbaycanda isə müzakirələr zamanı iştirakçılar çox vaxt suallara cavab vermək əvəzinə əvvəlcədən hazırladıqları fikirləri səsləndirməyə üstünlük verirlər. Fikir ayrılığı şəxsi münasibətlərlə qarışdırılır, etiraz hörmətsizlik, səhvi etiraf etmək isə məğlubiyyət kimi qəbul olunur.

Onun sözlərinə görə, belə yanaşma bilik mübadiləsinin qarşısını alır və müzakirələri fikir yarışından daha çox özünü göstərmək vasitəsinə çevirir. Nəticədə sakit arqumentlərdən çox emosional reaksiyalar, düşüncədən daha çox kəskin ifadələr diqqət çəkir.

Jurnalist vurğulayıb ki, yaxşı müzakirənin məqsədi qarşı tərəfi məğlub etmək deyil, həqiqətə yaxınlaşmaqdır. İnsan mübahisədən qalib ayrılmasa belə, yeni bilik və düşüncələrlə zənginləşə bilər.

Azər Rəşidoğlu Azərbaycanda tarixçilərin, alimlərin, filosofların və yazıçıların kifayət qədər olduğunu, saatlarla dinlənilə biləcək intellektual insanların az olmadığını qeyd edib. Onun fikrincə, əsas ehtiyac bu insanları eyni masa arxasında sərbəst fikir mübadiləsinə cəlb edə bilən televiziya formatlarının yaradılmasıdır.

Jurnalist paylaşımını belə bir fikirlə yekunlaşdırıb: intellektual cəmiyyətin göstəricisi nə qədər insanın danışması deyil, insanların bir-birini nə dərəcədə dinləyə bilməsidir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada