Mənzildə yaranan nəmlik və divarlarda əmələ gələn kif çox vaxt sadəcə estetik qüsur kimi qəbul edilir. Xüsusilə payız-qış mövsümündə Abşeron yarımadasında bir çox evdə bu problemlə qarşılaşılır. İnsanlar kiflənmiş divarları rəngləməklə və ya yenidən təmir etməklə vəziyyəti düzəltməyə çalışsalar da, problemin əsas səbəbi aradan qaldırılmadıqda nəticə müvəqqəti olur. Üstəlik, məsələ təkcə evin görünüşü ilə bitmir, rütubətli mühit sakinlərin sağlamlığı üçün də ciddi risklər yarada bilər.
Mövzu ilə bağlı News365.az-a danışan memar, inşaat məsələləri üzrə ekspert Muxtar Ərturan bildirib ki, Abşeron yarımadasında mənzillərdə nəmlik və kif yaranmasının əsas səbəbləri arasında zəif istilik izolyasiyası, hidroizolyasiya qüsurları və havalandırma sisteminin düzgün işləməməsi dayanır.
Onun sözlərinə görə, bu amillər divarlarda kondensasiyaya səbəb olur və nəticədə kif üçün əlverişli şərait yaranır. Bir çox sakin isə problemin kökünü araşdırmaq əvəzinə divarları yenidən rəngləməklə kifdən qurtulacağını düşünür. Halbuki nəmlik mənbəyi aradan qaldırılmadıqca kifin təkrar yaranması qaçılmazdır.
Ekspert diqqətə çatdırıb ki, kifin yaratdığı təhlükə yalnız mənzilin təmirinə dəyən zərərlə məhdudlaşmır. Dünya Səhiyyə Təşkilatının məlumatlarına istinad edən Muxtar Ərturan rütubətli və kifli binalarda yaşamağın tənəffüs problemləri, allergik reaksiyalar və astma tutmaları riskini artıra biləcəyini vurğulayıb.
O qeyd edib ki, xüsusilə uşaqlar, yaşlılar, astma və allergiyadan əziyyət çəkənlər, eləcə də xroniki ağciyər xəstəlikləri olan şəxslər belə mühitin təsirlərinə daha həssasdır. Uzun müddət kifli havaya məruz qalmaq mövcud tənəffüs problemlərini ağırlaşdıra, bəzi hallarda isə ciddi tibbi müdaxiləyə ehtiyac yarada bilər.
Muxtar Ərturanın fikrincə, mənzildə nəmlik müşahidə edildikdə problemin mənbəyi hərtərəfli araşdırılmalıdır. Bunun üçün istilik izolyasiyası, havalandırma sistemi, fasad örtüyü, hidroizolyasiya və mümkün su sızmaları texniki baxımdan yoxlanılmalıdır.
Ekspert sağlam yaşayış mühitinin yaradılmasında müasir tikinti standartlarının əhəmiyyətinə də toxunub. O bildirib ki, “VR Standartları 2026” yanaşmasında mənzilin keyfiyyəti yalnız istilik səviyyəsi və interyerin görünüşü ilə ölçülmür. Havanın keyfiyyəti, rütubət balansı, ventilyasiya və sakinlərin sağlamlığı bir-biri ilə əlaqəli şəkildə qiymətləndirilməlidir.
Mütəxəssis hesab edir ki, yeni tikilmiş mənzildə ilk qışdan sonra kifin yaranması adi hal kimi qəbul edilməməlidir. Çünki divarda görünən kif əslində daha geniş problemin – sağlam yaşayış mühitinin pozulmasının əlaməti ola bilər.
News365.az