İrəvanın Ermənistana verilməsi, Zəngəzurun taleyi – müzakirələr yenidən alovlandı

İrəvanın Ermənistana verilməsi, Zəngəzurun taleyi – müzakirələr yenidən alovlandı
11:30

Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi məsələsi yalnız bugünkü siyasi reallıqlarla deyil, tarixi sənədlər və keçmişdə baş vermiş ərazi dəyişiklikləri ilə də bağlıdır. Bu baxımdan, Azərbaycan Xalq Cümhuriyyətinin sərhədləri, İrəvanın Ermənistana verilməsi və Zəngəzurun taleyi yenidən müzakirə mövzusuna çevrilir.

Mövzu ilə bağlı müzakirələrdə tarixi sənədlərə və dövlətçilik ənənələrinə istinadlar yenidən gündəmə gəlib. Azərbaycanın ərazi bütövlüyü və Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi məsələsində tarixi hüquqi əsasların nəzərə alınmasının vacibliyi vurğulanır.

News365.az xəbər verir ki, sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov hesab edir ki, bu məsələyə yanaşarkən Azərbaycanın müstəqillik tarixini və hüquqi varislik prinsipini diqqətdə saxlamaq lazımdır.

Onun sözlərinə görə, 1991-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının 2-ci maddəsində Azərbaycanın 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu birmənalı şəkildə təsbit edilib.

Politoloq bildirib ki, bu hüquqi müddəa Zəngəzur və Göyçə gölünün şərq sahili, eləcə də ətraf ərazilərlə bağlı tarixi məsələlərin müzakirəsində xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, həmin torpaqlar bolşevik Rusiyasının hakimiyyət orqanları tərəfindən qanunsuz şəkildə Ermənistan SSR-ə verilib.

Tofiq Zülfüqarov hesab edir ki, Ermənistan Almatı Bəyannaməsinin prinsiplərini faktiki olaraq qəbul etmədiyi halda, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı danışıqlarda Azərbaycan Xalq Cümhuriyyəti ilə Ararat Respublikası arasındakı sərhədlər əsas götürülməlidir.

O, tarixi sərhədlərlə bağlı fikirlərini əsaslandırarkən 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi və İrəvanın Ermənistana verilməsi məsələsinə də toxunub:

“1918-ci il mayın 28-də Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan sonra elan edilən və sovetləşdirilənədək mövcud olan Ararat Respublikasının ərazisi 1918-ci il Batum müqaviləsinə əsasən, cəmi 11–12 min kvadratkilometr təşkil edirdi. Bu əraziyə İrəvan, Eçmiədzin, Yeni Bəyazid qəzaları, eləcə də Aleksandropol qəzasının bir hissəsi daxil idi. İrəvan şəhəri isə 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən həmin respublikaya paytaxt kimi güzəşt edilmişdi”, – deyə politoloq vurğulayıb.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada