ABŞ Milli Qasırğa Mərkəzi (NHC) bildirir ki, "Berta" tropik fırtınası yaxın günlərdə ABŞ-nin Körfəz sahilinə şiddətli yağış, həyat üçün təhlükəli fırtına dalğaları və daşqınlar gətirə bilər.
Mayamidə yerləşən Mərkəzin məlumatına görə, fırtına Florida ştatının Panama Siti şəhərindən təxminən 169 km cənubda qeydə alınıb. Küloyin maksimum sürəti saatda 64 km-ə çatır.
Təsir zonası: Fırtına qərbə — Texas istiqamətinə doğru hərəkət etdikcə Alabama, Florida, Luiziana və Missisipi ştatlarında daşqınlar, dəniz səviyyəsinin qalxması və yerli tornadolar gözlənilir.
Yağıntı miqdarı: Bəzi ərazilərə cümə gününə qədər 20 sm-dək yağış düşə bilər.
Quruya çıxma vaxtı: Fırtınanın güclənərək çərşənbə günü Luiziananın Nyu-Orlean şəhəri yaxınlığında quruya çatacağı ehtimal edilir.
Küləyin radiusu və sürəti: Tropik fırtına gücündə olan küləklər mərkəzdən 112 km məsafəyə qədər yayılır. Mərkəz şimal-qərbə doğru saatda 5 km sürətlə hərəkət edir.
Floridadakı Oklokoni çayından Luizianadakı Cefferson/Plakemins zolağınadək sahil ərazilərində tropik fırtına xəbərdarlığı qüvvədədir.
Mütəxəssislər Luiziana və Missisipi sahillərində 0.3 – 1.2 metr hündürlüyündə fırtına dalğalarının yarana biləcəyini, şəhərlərdə isə ani daşqın riskinin yüksək olduğunu bildirirlər.
Nyu-Orlean rəsmiləri sakinləri qum torbaları ilə təmin etməyə başlayıb və drenaj kanallarının təmizlənməsi üçün çağırış edib.
NHC-nin proqnozuna əsasən, "Berta" cümə axşamı tropik depressiya səviyyəsinədək zəifləyəcək və həftənin sonuna kimi Texas sahili yaxınlığında təsirini tamamilə itirəcək.
Qeyd edək ki, "Berta" keçən ay ABŞ-də daşqınlara səbəb olmuş "Artur" fırtınasından sonra Atlantik okeanı qasırğa mövsümünün ikinci adlı fırtınasıdır.