Azərbaycanda işə qəbulun yeni modeli

Azərbaycanda işə qəbulun yeni modeli
09:29

“Məleykə xanımın BDU-ya rektor təyin olunması, BDU-nun şansıdır. Bu dəqiqdir. Amma diqqət DİM sabahında olmalıdır. İndi Azərbaycanda ali təhsilə qəbulun, kadr hazırlığının və dövlət sektorunda işə qəbul sisteminin təkmilləşdirilməsi üçün ciddi fürsət yaranıb”.

Bu fikirləri İqtisad Universitetinin müəllimi Eldəniz Əmirov deyib.

O əlavə edib ki, ilk növbədə, ali məktəblərə qəbul asanlaşdırılmalı, universitetdə oxumağa və diplom almağa tələblər isə artırılmalıdır:

“Qəbul fənlərinin sayı və ixtisaslara uyğunluğu yenidən nəzərdən keçirilməlidir. Əsas məqsəd universitetə daha çətin qəbul olmaq yox, universiteti daha peşəkar mütəxəssis kimi bitirmək olmalıdır. Çünki yaxşı ali təhsil və peşəkar kadrlar olmadan ölkənin iqtisadi imkanlarından tam yararlanmaq mümkün deyil.

İkinci mühüm məsələ işə qəbul sistemidir.

Düşünürəm ki, DİM-in gələcək strukturundan və adından asılı olmayaraq, ölkədə vahid və asan işə qəbul mexanizmi yaradılmalıdır. Məsələn, bunu şərti olaraq ASAN VİQS (Asan Vahid İşə Qəbul Sistemi) adlandırmaq olar. Əlbəttə, adın nə olması önəmli deyil. Əsas məsələ bütün dövlət qurumlarında işə qəbulun vahid sistem üzərindən, sadə, şəffaf və ədalətli qaydada təşkil edilməsidir.

Dövlət qulluğu, təhsil, səhiyyə, dövlət müəssisələri, publik hüquqi şəxslər və digər dövlət qurumlarında işə qəbul vahid elektron sistem üzərindən təşkil edilə bilər. Özəl sektor da istəyi əsasında bu imkandan yararlana bilər.

Bunun üçün ilk növbədə bütün dövlət qurumlarında vakant yerlərin vahid sistemdə qeydiyyatı məcburi olmalıdır. Mövcud elektron məlumat bazaları bu sistemə inteqrasiya edilməli, vakant yerlərin gizlədilməsinin qarşısını alan və onların vaxtında elan olunmasını təmin edən ciddi nəzarət mexanizmi yaradılmalıdır.

Beləliklə, gənc bir sistemə daxil olub bütün uyğun vakansiyaları görə, müraciət edə və nəticəsini izləyə bilər. Hər qurum üçün ayrıca qeydiyyatdan keçməyə, sənəd toplamağa ehtiyac qalmaz.

Əlbəttə, müəllimlə həkimin, mühəndislə dövlət qulluqçusunun biliyi eyni qaydada yoxlanıla bilməz. Amma müraciət, seçim, qiymətləndirmə və nəticələrin elan olunması üçün ümumi prinsiplər müəyyən etmək olar.

Ən vacib məsələlərdən biri də müsahibələrdir. Bu gün dövlət qulluğu imtahanından keçib sertifikat alan, amma dəfələrlə müsahibələrdə uğur qazana bilməyən savadlı gənclər var. Müsahibələr üzrə qiymətləndirmə meyarları daha aydın olmalı, subyektiv qərarların qarşısı mümkün qədər alınmalıdır. Namizəd nə üçün seçildiyini və ya seçilmədiyini bilməlidir.

Düşünürəm ki, bu model əmək bazarında ciddi müsbət dəyişikliklərə səbəb ola bilər.

Belə bir sistem həm iş axtaranların, həm də işəgötürənlərin işini asanlaşdırar. Vaxt itkisini, süründürməçiliyi və subyektiv amilləri azaldar. Ən əsası, savadlı və bacarıqlı gənclərin iş tapmaq imkanlarını genişləndirər. Və ən əsası önəmli sosial nəticələr yaradar”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada