Deputat bildirib ki, Ukrayna Prezidenti Volodymyr Zelenskyy tərəfindən danışıqların Bakıda keçirilməsi ilə bağlı səsləndirilən fikir müəyyən əsaslara söykənir və Azərbaycanın beynəlxalq etibarı ilə bağlıdır.
Onun sözlərinə görə, Azərbaycan müstəqil və balanslaşdırılmış xarici siyasət yürüdən dövlət kimi qlobal müstəvidə etibarlı tərəfdaş hesab olunur:
“Azərbaycan heç bir mərkəzdən asılı olmayan, balanslı xarici siyasət həyata keçirir. Bu, ölkənin beynəlxalq nüfuzunu artıran əsas amillərdəndir.”
Aydın Hüseynov qeyd edib ki, Azərbaycan 2022-ci ildə Rusiya–Ukrayna müharibəsi başlayandan sonra da beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirib:
“Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini açıq şəkildə tanıyıb və bu mövqeyini ardıcıl şəkildə qoruyub.”
Deputatın sözlərinə görə, Bakı həm də humanitar yardım və diplomatik təşəbbüslərlə prosesə töhfə verib:
“Azərbaycan Ukraynaya humanitar yardımlar göstərib və beynəlxalq hüququn prinsiplərinə sadiqliyini praktiki addımlarla nümayiş etdirib.”
O əlavə edib ki, bu amillər Azərbaycanın mümkün sülh danışıqları üçün platforma kimi seçilməsini təsadüfi deyil, məntiqli seçim edir.