Repetitor qiymətləri niyə bahadır?

Repetitor qiymətləri niyə bahadır?
13:58

“Paytaxt qiymətləri ilə hesabladıqda, bir neçə fənnin ümumi aylıq dəyəri çox vaxt ailənin orta aylıq gəlirinin böyük bir hissəsini, bəzən isə yarıdan çoxunu təşkil edir və bu da digər zəruri yaşayış xərclərinin sıxışdırılmasına gətirib çıxarır”.

Bunu Musavat.com-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov repetitorluq xidmətlərinin qiymətləri və bu xərclərin ailə büdcəsinə təsirindən danışarkən deyib.

Onun sözlərinə görə, repetitorluq xidmətlərinin qiymətləri sosial-iqtisadi baxımdan ən çox müzakirə olunan məsələlərdən biridir. Bu sahədə qiymətlər azad bazar iqtisadiyyatının prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında formalaşır.

İ.Orucov bildirib ki, Bakının mərkəzində bir fənn üzrə aylıq hazırlıq haqqının 150–200 manat, regionlarda isə 30–50 manat arasında dəyişməsi bir sıra iqtisadi amillərlə bağlıdır.

ilqar.jpg (242 KB)

“Paytaxtın mərkəzində bir fənn üçün aylıq ödənişin 150–200 manat, regionlarda isə 30–50 manat olması iqtisadi nöqteyi-nəzərdən birbaşa olaraq daşınmaz əmlak bazarındakı icarə xərclərinin kəskin fərqlənməsi, əhalinin alıcılıq qabiliyyətinin uyğunluğu və yüksək reytinqli müəllimlərə olan tələblə izah olunur”, – deyə ekspert qeyd edib.

Onun fikrincə, müəllimin müəyyən etdiyi qiymət peşəkar nüfuzu və əvvəlki qəbul nəticələri ilə uyğunlaşdıqda bazar iştirakçıları tərəfindən məqbul sayıla bilər. Lakin repetitor xidmətlərinin qiymətlərinin mütəmadi artması təhsilin əlçatanlığı baxımından sosial gərginlik yaradır.

İlqar Orucovun sözlərinə görə, pedaqoji ədəbiyyatda “kölgə təhsili” adlandırılan repetitorluğun geniş yayılmasının bir neçə fundamental səbəbi var.

“Birincisi, bu təsir birbaşa olaraq ali və orta ixtisas təhsili müəssisələrinə qəbul prosesindəki yüksək rəqabət mühiti və imtahan standartları ilə bağlıdır. Valideynlər övladlarının gələcək karyera uğurlarını təmin etmək üçün repetitor xidmətini məcburi bir investisiya kimi görürlər”, – deyə o bildirib.

Ekspert hesab edir ki, digər mühüm amil valideynlər arasında məktəbdəki formal tədrisin mövcud imtahan tələblərini tam ödəmədiyi barədə formalaşan qənaətdir. Bununla yanaşı, qəbul imtahanlarında uğur qazanmaq istəyən abituriyentlərin eyni vaxtda bir neçə fənn üzrə hazırlığa getməsi də xərcləri artırır.

Xüsusilə paytaxtda bir neçə fənn üzrə hazırlıq xərcləri ailələrin gəlirlərinin əhəmiyyətli hissəsini əhatə edə bilir. Nəticədə digər zəruri yaşayış xərclərinə ayrılan vəsait azalır.

İ.Orucovun fikrincə, repetitorluq xidmətlərinə inzibati qaydada qiymət həddi müəyyənləşdirmək effektiv həll yolu deyil.

“Dünyəvi və azad iqtisadi sistemlərdə dövlətin repetitorluq xidmətlərinin qiymətlərinə birbaşa yuxarı hədd və ya tarif qoyması hüquqi və iqtisadi cəhətdən qeyri-mümkündür. Repetitorluq dövlət tərəfindən subsidiyalaşdırılan və ya inhisarda olan kommunal xidmət yaxud strateji məhsul növü deyil ki, onun qiyməti Tarif Şurası tərəfindən tənzimlənsin”, – deyə ekspert vurğulayıb.

O hesab edir ki, bu sahədə sərt qiymət nəzarətinin tətbiqi xidmətin keyfiyyətinin aşağı düşməsinə, qeyri-rəsmi ödənişlərin artmasına və yüksək ixtisaslı kadrların repetitorluq bazarından uzaqlaşmasına səbəb ola bilər.

Ekspertin sözlərinə görə, dövlətin əsas nəzarət mexanizmləri repetitorların vergi uçotuna alınması, leqal fəaliyyətin təmin edilməsi və istehlakçı hüquqlarının qorunması ilə bağlı olmalıdır.

İlqar Orucov hesab edir ki, repetitorluq xidmətlərinin qiymətlərini aşağı salmaq üçün əsas diqqət məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsinə və əlavə hazırlıq ehtiyacının azaldılmasına yönəldilməlidir.

“Təhsil sosiologiyası sübut edir ki, repetitor qiymətlərinin süni şəkildə tənzimlənməsinə yönələn cəhdlər heç bir vaxt dayanıqlı nəticə vermir. Yeganə effektiv həll yolu ümumi təhsil məktəblərinin keyfiyyətinin yüksəldilməsi və repetitora olan ehtiyacın daxili resurslarla optimallaşdırılmasıdır”, – deyə o bildirib.

Ekspertin fikrincə, məktəblərdə buraxılış və qəbul imtahanlarının proqramlarına uyğun ödənişsiz fakültativ məşğələlərin təşkili, rəqəmsal təhsil platformalarının və dövlət tərəfindən dəstəklənən onlayn hazırlıq resurslarının genişləndirilməsi repetitor xidmətlərinə tələbatı azalda bilər.

İ.Orucovun qənaətinə görə, məktəbdə keyfiyyətli təhsil imkanları genişləndikcə repetitora ehtiyac azalacaq. Bu isə bazarda tələb və təklif nisbətinə təsir göstərərək hazırlıq xidmətlərinin qiymətlərinin əhalinin real gəlirlərinə uyğunlaşmasına şərait yarada bilər.



Sizin reklam burada
Sizin reklam burada