Kartla ödəniş üçün ən azı 1 manatlıq alış etməlisiniz? - RƏSMİ

Kartla ödəniş üçün ən azı 1 manatlıq alış etməlisiniz? - RƏSMİ
14:47

Bakıda bəzi ticarət obyektlərində, xüsusilə köşklərdə kartla ödəniş üçün minimum alış məbləği tələb olunur. Qiyməti 50 və ya 80 qəpik olan məhsulu kartla almaq istəyən müştəriyə alışın ümumi məbləğinin ən azı 1 manat olmalı olduğu bildirilir. Bəzən isə alıcıdan eyni məhsuldan iki ədəd və ya əlavə məhsul alması istənilir. Bu şərtlə razılaşmayan müştəriyə yalnız nağd ödəniş təklif edilir.

News365.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən verilən məlumata görə, Vergi Məcəlləsində kartla ödəniş üçün minimum alış məbləğinin müəyyən edilməsi nəzərdə tutulmayıb.

“POS-terminal vasitəsilə ödəniş qəbul edən ticarət obyektinin məhsulun qiymətindən asılı olaraq kartla ödəniş üçün minimum alış məbləği müəyyən etməsi, alıcıdan eyni məhsuldan iki ədəd və ya əlavə məhsul almasını tələb etməsi Vergi Məcəlləsində nəzərdə tutulmayıb. Vergi ödəyicisi qanunvericilikdə nəzərdə tutulan hallarda POS-terminal quraşdırmalı və alış-veriş zamanı istehlakçılara elektron ödəniş etmək imkanı yaratmalıdır”, — cavabda qeyd olunub.

Xidmətdən vurğulanıb ki, nağdsız ödənişlərin qəbulundan imtina istehlakçıların hüquqlarının pozulmasıdır.

POS-terminal quraşdırılması məcburi olan obyektlərdə terminalın quraşdırılmamasına və ya nağdsız ödənişlərin qəbulundan imtinaya görə maliyyə sanksiyaları tətbiq edilir. Təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə 3000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6000 manatməbləğində maliyyə sanksiyası nəzərdə tutulur.

Dövlət Vergi Xidməti sahibkarları nağdsız ödənişləri qanunvericiliyin tələblərinə uyğun qəbul etməyə çağırıb. Qurumdan bu istiqamətdə mütəmadi maarifləndirmə işlərinin aparıldığı, videotəlimatın da mövcud olduğu bildirilib.


Sizin reklam burada
Sizin reklam burada