Fransada narazılıq böyüyür: Makron çətin vəziyyətdə

Fransada narazılıq böyüyür: Makron çətin vəziyyətdə
15:10

Fransada davam edən sosial narazılıqlar təkcə iqtisadi çətinliklərlə bağlı deyil. İllərdir yığılıb qalan sosial problemlər, mübahisəli siyasi qərarlar və cəmiyyətlə hakimiyyət arasında dərinləşən etimadsızlıq ölkədə gərginliyin əsas səbəbləri sırasındadır.

Politoloq Züriyyə Qarayeva bu barədə News365.az-a açıqlamasında bildirib ki, Fransa cəmiyyətində narazılığın artmasına yaşayış xərclərinin yüksəlməsi, sosial təminat məsələləri və pensiya yaşının artırılması ilə bağlı qərarlar da təsir göstərib.


Onun fikrincə, vətəndaşların gündəlik problemlərinin siyasi qərarların qəbulunda lazımi səviyyədə nəzərə alınmadığı düşüncəsi hakimiyyətə münasibəti daha da kəskinləşdirib.

Fransanın yaxın siyasi tarixi də bu narazılıqların təsadüfi olmadığını göstərir. 2018-ci ildə başlayan “Sarı jiletlilər” hərəkatı əvvəlcə yanacaq vergilərinə etiraz kimi ortaya çıxsa da, sonradan sosial ədalət və iqtisadi bərabərsizlik məsələlərini əhatə edən genişmiqyaslı hərəkata çevrildi. Pensiya islahatlarına qarşı keçirilən nümayişlər isə hakimiyyətlə cəmiyyət arasındakı fikir ayrılıqlarının davam etdiyini göstərdi.

Politoloq hesab edir ki, Emmanuel Makron administrasiyasının etirazlara baxmayaraq, bir sıra qərarları həyata keçirməkdə israr etməsi onun idarəçilik üslubuna yönələn tənqidləri artırıb. Bu proseslər ölkədə siyasi qütbləşməni dərinləşdirib, ənənəvi siyasi institutlara etimadı isə sınaq qarşısında qoyub.

Polis müdaxilələri və insan hüquqları müzakirə mövzusudur

Fransadakı etirazlarla bağlı əsas mübahisəli məsələlərdən biri hüquq-mühafizə orqanlarının nümayişçilərə münasibətidir. Əvvəlki etirazlar zamanı polisin güc tətbiq etməsi, insanların xəsarət alması və saxlanılması həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tənqidlərə səbəb olub.

Digər tərəfdən, nümayişlərin bəzi mərhələlərində baş verən yanğınlar, qarətlər və zorakılıq halları ictimai təhlükəsizliklə bağlı narahatlıqları artırıb. Belə hadisələr dinc etirazların əsas tələblərinin arxa plana keçməsinə, hakimiyyətin isə daha sərt tədbirlərə üstünlük verməsinə şərait yarada bilər.

Züriyyə Qarayevanın fikrincə, həm zorakılıq halları, həm də polis müdaxilələri şəffaf şəkildə araşdırılmalıdır. Etirazların xüsusi xidmət orqanları tərəfindən təşkil edildiyi və ya hakimiyyətin fövqəladə vəziyyət tədbirlərindən siyasi müxalifəti susdurmaq üçün istifadə etməyə hazırlaşdığı barədə iddialar isə konkret və etibarlı sübutlarla əsaslandırılmalıdır.

Siyasi qeyri-müəyyənlik artır

Fransada ictimai narazılığın güclənməsi ölkənin siyasi gələcəyi baxımından da əhəmiyyət daşıyır. Makronun siyasi mövqeyinə yönələn tənqidlər, parlamentdəki fikir ayrılıqları və müxalifətin hökumətin sosial-iqtisadi siyasətinə etirazı siyasi qeyri-müəyyənliyi artıran amillərdəndir.

Politoloq vurğulayıb ki, ictimai asayişin qorunması vacib olsa da, bu zərurət vətəndaşların sərbəst toplaşmaq, söz və fikir azadlığı hüquqlarının əsassız məhdudlaşdırılmasına gətirib çıxarmamalıdır.

Onun sözlərinə görə, dövlət idarəçiliyində şəffaflıq və siyasi məsuliyyət məsələləri də ictimai müzakirələrin mühüm istiqamətlərindəndir. Dövlət vəsaitlərinin xərclənməsi, siyasi elitanın fəaliyyəti və mümkün maraqlar toqquşmaları ilə bağlı suallar obyektiv araşdırılmalı, qanun pozuntuları müəyyən edilərsə, məsul şəxslər hüquqi cavab verməlidirlər.

Avropanın demokratik dəyərləri də sınaq qarşısındadır

Fransadakı proseslər Avropa İttifaqının insan hüquqları və demokratik idarəçiliklə bağlı mövqeyinin ardıcıllığı məsələsini də gündəmə gətirir.

Politoloq hesab edir ki, Avropa institutları digər ölkələrdə demokratik standartların qorunmasını tələb etdikləri kimi, üzv dövlətlərdə də polis zorakılığı, sərbəst toplaşmaq hüququ və vətəndaş azadlıqlarının müdafiəsinə eyni prinsiplərlə yanaşmalıdırlar.

Züriyyə Qarayevanın qənaətinə görə, Fransada baş verənləri yalnız hökumətin müvəqqəti siyasi çətinliyi kimi qiymətləndirmək düzgün deyil. Mövcud vəziyyət sosial ədalət, siyasi təmsilçilik, dövlət institutlarına etimad və demokratik idarəçiliklə bağlı daha dərin problemləri üzə çıxarır.

Politoloq qeyd edib ki, Makron administrasiyasının qarşısında duran əsas vəzifə etirazlara yalnız təhlükəsizlik məsələsi kimi yanaşmaq deyil, narazılığa səbəb olan problemlərin həlli istiqamətində addımlar atmaqdır.

Fransa təcrübəsi göstərir ki, cəmiyyətin sosial tələbləri uzun müddət cavabsız qaldıqda narazılıq daha geniş siyasi böhrana çevrilə bilər.


Sizin reklam burada
Sizin reklam burada