Albaniyanın paytaxtı Tiranada hökumət əleyhinə keçirilən aksiyalar gərginliklə müşayiət olunur. Etirazçılarla polis arasında baş verən toqquşmalar davam edir, xəsarət alanların sayı isə 295 nəfərə çatıb.
News365.az BBC-yə istinadən xəbər verir ki, artıq yeddinci gündür davam edən aksiyalarda nümayişçilər Baş nazir Edi Ramanın istefasını tələb edirlər. Bununla yanaşı, onlar universitetlərdə təhsil şəraitinin yaxşılaşdırılmasına və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə çağırırlar.
Toqquşmalar zamanı xəsarət alan 295 nəfərdən 186-sı polis əməkdaşıdır. Hadisələr ölkədə ictimai-siyasi gərginliyi artırıb.
Etirazlar fonunda Baş nazir Edi Rama polis rəhbərləri ilə görüş keçirib. Görüşün detalları barədə əlavə məlumat verilməyib.
News365.az