Məleykə Abbaszadə polemikaya çağırdı - ekspertdən REAKSİYA

Məleykə Abbaszadə polemikaya çağırdı - ekspertdən REAKSİYA
12:55

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə müəllim və ekspertləri imtahan proqramları ilə bağlı müzakirələrdə fəal iştiraka çağırıb. Onun sözlərinə görə, məqsəd fərqli fikirləri dinləmək, təklifləri öyrənmək və suallara əvvəlcədən aydınlıq gətirməkdir.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Musavat.com-a qeyd edib ki, bu dəvət şəffaflıq və kollektiv məsuliyyət baxımından ciddi çağırışdır:“İmtahandan dərhal sonra, statistik analitika formalaşmadan yaranan emosional narazılıqlarla müqayisədə, imtahandan əvvəlki elmi-metodiki seminarlarda iştirak səviyyəsinin aşağı olması elmi və peşəkar korporativ mədəniyyət müstəvisində dərin təhlil tələb edir. Müəllimlərin, ekspertlərin və qiymətləndirmə mütəxəssislərinin rəsmi elmi-metodiki müzakirələrdə passivlik nümayiş etdirməsinin arxasında bir neçə institusional, psixoloji və iqtisadi səbəb dayanır. Birinci növbədə, bu vəziyyət pedaqoji icmada rəsmi rəyin təsir gücünə inamsızlıq və sosioloji mənada məsuliyyətdən yayınma meyli ilə izah oluna bilər. Bir çox ekspert və fərdi hazırlıqla məşğul olan müəllimlərin passivliyinə rəğmən, DİM təhsil mühitində yeniliklərə, innovasiyalara, savadlı və əsaslı tənqidlərə açıq olan mütərəqqi bir dövlət qurumu imicini qorumağa çalışır. Lakin bir çox halda imtahan sistemini kütləvi şəkildə tənqid edənlər hazırlıq kurslarının rəhbərləri səviyyəsində və heç bir elmi-peşəkar kompetensiyalara malik olmadan yalnız öz şəxsi maraqları kontenstindən çıxış edən, həmçinin fundamental elmi-tədqiqata əsaslanmayan və cəmiyyətə təhsil eksperti kimi təqdim olunan şəxslərdir”.

Onun fikrincə, həmin subyektlərin ortaya qoyduqları arqumentlər əksər hallarda elmi əsaslardan uzaq olur, qərəz və ya müəyyən maraqlı tərəflərin diktəsi ilə sifarişli xarakter daşıyır: “Bu “mütəxəssislər” imtahandan əvvəl təmkinli sükut nümayiş etdirərək, imtahandan sonra yaranan emosional fon daxilində sosial şəbəkələrdə populyar rəylərlə çıxış etməyi öz fərdi maraqları baxımından daha vacib hesab edirlər. Bununla belə, məsələnin digər institusional tərəfi bilavasitə DİM-in idarəetmə yanaşması ilə bağlıdır”.

İ.Orucovun fikrincə, DİM-in ən böyük strateji çatışmazlıqlarından biri məhz real elmi tədqiqatlarla, sistemli analitika və əsaslı arqumentlərlə çıxış edən həqiqi müstəqil mütəxəssislərlə tərəfdaşlığa, onların rəy və təkliflərinə lazımi səviyyədə önəm verməməsidir: “Səthi və qərəzli tənqidlərlə real elmi yanaşmalar arasında düzgün diferensiasiyanın aparılmaması, əksər hallarda elmi, metodiki və strateji düşüncəyə malik peşəkarların rəsmi müzakirə platformalarından təbii olaraq uzaqlaşmasına zəmin yaradır. Bir çox hallarda qurumun təşkil etdiyi ciddi tədbirlərdə ekspert kimi cəlb etdikləri qeyri-peşəkarların, sahə üzrə aidiyyatı olmayan şəxslərin cəlb olunması haqlı narazılıqlara gətirib çıxarır. İkinci mühüm amil, peşəkar təhsil bazarında fəaliyyət göstərən real mütəxəssislərin zaman menecmenti və iqtisadi motivasiya amilləridir. Yüksək ixtisaslı müəllimlərin gündəlik qrafiki maksimum dərəcədə doludur. DİM tərəfindən təşkil edilən elmi-metodiki seminarlar və proqram müzakirələri uzunmüddətli intellektual enerji və zaman tələb edir. Maddi stimullaşdırılması tam formalaşmayan və ya fərdi iş qrafiki ilə uzlaşmayan rəsmi müzakirələr mütəxəssislər tərəfindən alternativ zaman itkisi kimi qəbul olunur və onlar öz resurslarını birbaşa tədris fəaliyyətinə yönəltməyə üstünlük verirlər. Nəhayət, elmi-pedaqoji sferada tənqidi təfəkkür mədəniyyətinin institusional platformalarda tam mənimsənilməməsi və peşəkar müstəvidə özünü müdafiə edə bilməmək qorxusu bu qeyri-fəallığı şərtləndirir”.

Ekspert hesab edir ki, DİM-in qeyd olunan gözləntilər və qiymətləndirmələr üzrə keçirdiyi anonim sorğuların nəticələrini elmi təqdimat formasında hazırlaması, peşəkar müzakirə formalaşdırması bu boşluğu doldurmaq üçün mühüm platformadır.


Sizin reklam burada
Sizin reklam burada