Türkiyəyə sərt mesaj: “Azərbaycan heç kimin vassalı olmayacaq”

Türkiyəyə sərt mesaj: “Azərbaycan heç kimin vassalı olmayacaq”
11:24

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın Azərbaycanda hicabla bağlı vəziyyətə münasibət bildirməsi iki ölkə arasında münasibətlərin müzakirəsinə səbəb olub. Saralın “hicablı tələbələrin təhsil hüququnun əngəllənməsi qəbulolunmazdır” açıqlamasını şərh edən politoloq Turan Rzayev Türkiyənin Azərbaycanın daxili işlərinə müdaxilə etməyə cəhd göstərməsinin yolverilməz olduğunu bildirib.

News365.az xəbər verir ki, politoloq bu barədə açıqlamasında Azərbaycan və Türkiyənin dost, qardaş və müttəfiq dövlətlər olduğunu xatırladaraq, münasibətlərin qarşılıqlı suverenliyə hörmət prinsipi üzərində qurulmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə mediasında Azərbaycanın ünvanına səsləndirilən tənqidlər, eləcə də Ankaradan ölkəmizin xarici və daxili siyasəti ilə bağlı verilən açıqlamalar narahatlıq doğurur. Politoloq xüsusilə BMT Baş Assambleyasının 81-ci sessiyasında İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Azərbaycan nümayəndəsinin zalı tərk etməməsi və Nazirlər Kabinetinin vahid məktəbli forması ilə bağlı qərarı ətrafında yaranan müzakirələri xatırladıb.


Turan Rzayev hesab edir ki, Azərbaycanla Türkiyə arasında tarixi, milli, mədəni və mənəvi bağlar olduqca güclüdür. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bu münasibətlər daha da inkişaf edib və “Bir millət, iki dövlət” prinsipi ilə möhkəmlənib.

Bununla belə, politoloq vurğulayıb ki, “bir millət” anlayışı iki müstəqil dövlətin mövcudluğunu və suverenliyini arxa plana keçirməməlidir. Onun fikrincə, qardaşlıq münasibətlərinin əsas şərtlərindən biri hər iki ölkənin müstəqil siyasi qərarlarına hörmətlə yanaşmaqdır.

“Azərbaycan Türkiyəyə qardaş deyərək öz dövlətçilik iradəsindən imtina etməyib! Hər bir dövlətin öz prioritetləri var. Müstəqil xarici və daxili siyasət yürütmək haqqını heç kim kənardan gəlib bir dövlətin əlindən ala bilməz. Buna cəhd belə etmək haqqı yoxdur”, – deyə politoloq bildirib.

Türkiyəyə göstərilən yardımlar xatırladılıb

Turan Rzayev Azərbaycan xalqının Türkiyəyə göstərdiyi dəstəyi də xatırladıb. O, 2021-ci ildə Türkiyədə baş verən meşə yanğınları zamanı Azərbaycandan yanğınsöndürənlərin göndərildiyini, 2023-cü il fevralın 6-da baş verən dağıdıcı zəlzələlərdən sonra isə Azərbaycan xalqının qardaş ölkəyə genişmiqyaslı humanitar yardım göstərdiyini qeyd edib.

Politoloq 2021-ci ildə Türkiyəyə göndərilən yanğınsöndürənlər arasında jurnalist kimi özünün də olduğunu bildirib:

“Bu hadisəni bugünkü kimi xatırlayıram, çünki həmin vaxt Fövqəladə Hallar Nazirliyinin tərkibində Türkiyəyə gedən jurnalistlərdən biri də mən idim. Aydın Muğla dağlarında canını heçə sayaraq yanğına girən, yanğını söndürən və insanları xilas edən yanğınsöndürənlərimizi görmüşəm”.

O, zəlzələdən sonra Azərbaycan vətəndaşlarının evlərindəki yorğan-döşəkləri, geyimləri və digər zəruri əşyaları toplayaraq yardım maşınlarına yükləməsini də unutmadığını vurğulayıb.

Bununla yanaşı, politoloq Türkiyə-Azərbaycan münasibətlərinin tarixində mübahisəli məqamların da olduğunu diqqətə çatdırıb. O, İrəvanın Ermənistana verilməsi ilə bağlı tarixi prosesləri, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu dövründə Türkiyənin mövqeyini və Boraltan hadisələrini xatırladaraq, bütün bunlara baxmayaraq Azərbaycan cəmiyyətinin Türkiyəyə qardaş ölkə kimi yanaşdığını bildirib.

“AKP Osmanlı xülyası içindədir”

Turan Rzayev Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) siyasətini də tənqid edib. Onun fikrincə, Türkiyədə dini amillər siyasi məqsədlər üçün istifadə olunur və hakimiyyətin neosmanlıçı yanaşması regional münasibətlərə təsir göstərir.

Politoloq AKP-nin Abdullah Öcalanla bağlı mövqeyini, dini təriqətlərin cəmiyyətdəki rolunu və İranın Türkiyədəki mümkün təsirini də tənqid edərək, bu siyasətin Türkiyənin ənənəvi respublika dəyərləri ilə ziddiyyət təşkil etdiyini iddia edib.

O, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh” prinsipini xatırladaraq, müasir Türkiyənin Osmanlı imperiyasının siyasi modelinə qayıtmaq cəhdlərindən uzaq durmalı olduğunu bildirib.

“Azərbaycan təzyiq və təhdid dilini qəbul etmir”

Politoloqun sözlərinə görə, Azərbaycan Türkiyə ilə dostluq və qardaşlıq münasibətlərinə sadiq olsa da, bu münasibətlərdən ölkəmizin daxili və xarici siyasətinə müdaxilə vasitəsi kimi istifadə edilməsini qəbul etmir.

“Azərbaycan dostluğa da, qardaşlığa da sadiqdir, amma diktə, təhdid və təzyiq dilini qəbul etmir. Buna cəhd edənlərə öz yerini göstərməyi bacarır. Azərbaycan öz müstəqilliyini, fiziki və ideoloji təhlükəsizliyini qoruyur və bundan sonra da bu istiqamətdə tədbirlər davam etdiriləcək”, – deyə Turan Rzayev vurğulayıb.

O əlavə edib ki, Azərbaycan xalqı uzun illər müstəqillik uğrunda mübarizə aparıb və ölkənin başqa bir dövlətin təsir dairəsinə düşməsinə razı olmayacaq.

Politoloq fikirlərini məşhur mahnının sözləri ilə yekunlaşdırıb: “Bu dövrdə kimsə sultan deyil”.


Sizin reklam burada
Sizin reklam burada