Xəbər verdiyimiz kimi, bu gün tanınmış müğənni-meyxanaçı İlkin Çərkəzoğlu (Hüseynli) uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
News365.az xəbər verir ki, İlkin Çərkəzoğlu 2019-cu ilin aprel ayında narkotiki təbliğ edən musiqili videolar yaydığına görə 15 sutkalıq həbs cəzası almışdı.
18 avqust 2022-ci ildə isə sosial şəbəkələrdə narkotik vasitələrdən istifadəni təbliğ edən musiqili videolar yaydığına görə yenidən saxlanılmışdı.
DİN-in yaydığı məlumata görə, o, etdiyi səhvi səmimi etiraf etmişdi və təbliğ etdiyi videoları könüllü olaraq sosial şəbəkələrdən silmişdi.
Onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunmaqla yanaşı, narkotik aludəçiliyi nəzərə alınaraq məhkəmənin qərarı ilə məcburi müalicəyə göndərilmişdi.
İlkin Çərkəzoğlunun sosial şəbəkələrdə böyük təbliğat imkanları olub. 2015-ci ildə Yutubda açdığı kanalın 430 mindən çox abunəçisi var. Bu kanalda paylaşdığı videolardan bəziləri milyonlarla baxış toplayıb.
Ancaq son aylar kanalın aktivliyi aşağı düşüb və görünür, səhhəti səbəbindən yeni ifaları olmayıb.
Əvəzində Tiktokda daha çox şəxsi həyatı ilə bağlı paylaşımlar edib. O, ötənilki paylaşımında maddi imkanlarının vaxtilə geniş olmasından bəhs edib, amma sonra maşınlarını satdığını vurğulayıb.
O, həmçinin aprel ayında xəstəxanada müalicə almasını əks etdirən görüntü paylaşmış və sağalacağına ümid ifadə etmişdi.