İşəgötürən kompüterinizdə nə etdiyinizi izləyə bilərmi?

İşəgötürən kompüterinizdə nə etdiyinizi izləyə bilərmi?
17:10

İş yerində kompüterdən istifadə edən hər kəsin fəaliyyəti tamamilə şəxsi məsələ sayılmır. Xüsusilə bank, dövlət qurumları və kommersiya sirri ilə işləyən müəssisələrdə məlumatların qorunması məqsədilə texniki nəzarət mexanizmlərindən istifadə oluna bilər. Lakin işəgötürənin bu səlahiyyəti harada başlayır və hansı həddə qədər davam edə bilər?

Vəkil Ceyhun İsmayıllı News365.az-a açıqlamasında bildirib ki, işçinin fəaliyyəti üzərində nəzarətin şərtləri əmək münasibətləri çərçivəsində müəyyənləşdirilməli, bu məsələlər əmək müqaviləsində də əksini tapmalıdır.

Onun sözlərinə görə, belə nəzarətin əsas məqsədlərindən biri müəssisəyə məxsus məxfi məlumatların qanunsuz yayılmasının qarşısını almaqdır. Məsələn, bank əməkdaşları müştərilərin şəxsi və maliyyə məlumatları ilə işlədikləri üçün həmin informasiyanın qorunması xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən işçilərin xidməti kompüterlərindən istifadəsinə müəyyən texniki vasitələrlə nəzarət edilə bilər.

Eyni yanaşma dövlət sirri və ya digər məxfi məlumatlarla işləyən qurumlara da aiddir. Belə hallarda nəzarət məlumatların təhlükəsizliyinin təmin olunmasına və onların icazəsiz şəxslərə ötürülməsinin qarşısının alınmasına xidmət edir.

Vəkil vurğulayıb ki, işçi əmək münasibətləri çərçivəsində üzərinə düşən məxfilik öhdəliklərinə əməl etməlidir. Bununla belə, işəgötürənin nəzarət imkanları da məhdudiyyətsiz deyil.

Ceyhun İsmayıllının sözlərinə görə, xidməti fəaliyyətə nəzarət şəxsin şəxsi həyatına əsassız müdaxiləyə çevrilməməlidir. Nəzarət qanunvericiliyin tələblərinə uyğun aparılmalı və qarşıya qoyulan məqsədlə məhdudlaşmalıdır.

Beləliklə, işəgötürənin xidməti kompüterlərə nəzarət imkanları müəssisənin fəaliyyət xüsusiyyətlərindən və məlumatların qorunması tələblərindən asılıdır. Lakin bu imkanlar işçinin şəxsi həyatına müdaxilə üçün qeyri-məhdud səlahiyyət yaratmır.


Sizin reklam burada
Sizin reklam burada