Azərbaycanda lizinq niyə daha bahadır?

Azərbaycanda lizinq niyə daha bahadır?
13:39

“Azərbaycanda lizinq üzrə faizlər kredit faizlərini üstələyir.”

News365.az-ın məlumatına görə, bunu deputat Vüqar Bayramov Milli Məclisin plenar iclasında “Maliyyə icarəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, Avropa İttifaqı ölkələrində biznes kreditləri üzrə orta faiz 3,5%, istehlak kreditlərində isə 7% civarındadır. Avtomobil lizinqində isə bu göstərici daha aşağı — təxminən 2% səviyyəsindədir.

Onun sözlərinə görə, Qazaxıstanda orta kredit faizi 19% təşkil etsə də, avtomobil kreditlərində bu rəqəm 14%-dir. Azərbaycanda isə nağd kreditlər üzrə faizlər orta hesabla 11%-dən başladığı halda, lizinq üzrə faktiki illik faiz dərəcəsi 14%-dən yuxarı olur. Bundan əlavə, ilkin ödəniş tələbi də tətbiq edilir ki, bu da lizinqi daha az cəlbedici edir.

Vüqar Bayramov qeyd edib ki, reyestr qeydiyyatı və hesabatlılıq tələblərinin rəqabətə necə təsir göstərəcəyi sual altındadır. Bu mexanizmlərin lizinq xidmətlərinin əsasən bank sektorunda cəmləşməsinə gətirib çıxara biləcəyi ehtimal olunur.

Deputat həmçinin vurğulayıb ki, minimum kapital tələbləri qanunla daha konkret müəyyənləşdirilməlidir ki, bazara giriş imkanları məhdudlaşmasın. Onun sözlərinə görə, bəzi ölkələrdə fiziki şəxslər də lizinq fəaliyyəti ilə məşğul ola bildiyi halda, yeni qanun layihəsi Azərbaycanda bu imkanı nəzərdə tutmur.

Bayramov əlavə edib ki, qanun layihəsində ABŞ təcrübəsinə istinad edilsə də, bəzi konkret meyarların — məsələn, bazar dəyərinin 90%-i və ya istismar müddətinin 75%-i ilə bağlı göstəricilərin mənbəyi arayışda aydın şəkildə göstərilməyib.



Sizin reklam burada
Sizin reklam burada