Gömrük orqanlarının vəzifələri artırılır.
News365.az xəbər verir ki, sözügedən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, gömrük orqanları xarici ticarət iştirakçısının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxdığı müəyyən edildikdən sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vəzifəsinə sahib olacaqlar.
Bundan başqa, Azərbaycanla xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən avtonəqliyyat vasitələrinin beynəlxalq daşımalara buraxılış kartlarının, xarici ölkə daşıyıcılarına verilən "İcazə blankları"nın (jurnallarının), habelə ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və/və ya ağırçəkili nəqliyyat vasitələrinə dair icazələrin, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş hallarda dövlət sərhədindən buraxılış məntəqələrində qəbul edilən məlumatların və sənədlərin mövcudluğunu yoxlamaq da vəzifələr sırasında daxil edilir.
Əlavə olaraq, səyyar gömrük auditinin nəticələri üzrə tərtib edilən aktın nüsxəsini və səyyar gömrük auditinin materiallarına baxılmanın nəticələri üzrə qəbul edilən qərarın surətini müvafiq olaraq akt tərtib edildiyi və qərar qəbul edildiyi tarixdən üç iş günü ərzində barəsində gömrük auditi aparılan şəxsə (onun nümayəndəsinə) yazılı, cümlədən elektron formada təqdim etmək də sözügedən orqanların vəzifələri olacaq.