Deputat taksi qiymətlərinin bahalaşmasına reaksiya verdi

Deputat taksi qiymətlərinin bahalaşmasına reaksiya verdi
17:20

Bakıda taksi xidmətlərinin qiymətlərində müşahidə olunan artım ictimai müzakirələrə səbəb olub. Son günlər bir sıra taksi platformalarında tariflərin yüksəlməsi həm sərnişinlərin, həm də sürücülərin narazılığı ilə qarşılanıb.

Mövzu ilə bağlı News365.az-a açıqlama verən deputat Vüqar Bayramov bildirib ki, taksi xidməti bazarı özəl sektorun fəaliyyət göstərdiyi sahələrdən biridir və qiymətlər əsasən şirkətlər tərəfindən müəyyən edilir.

Onun sözlərinə görə, dövlət taksi xidmətlərinin fəaliyyəti ilə bağlı müəyyən tələblər müəyyənləşdirsə də, tarif siyasəti birbaşa özəl şirkətlərin səlahiyyətindədir:

“Dövlət tərəfindən taksi xidmətlərinin fəaliyyəti ilə bağlı qaydalar və standartlar müəyyən olunub. Müvafiq qurumlar həmin tələblərin yerinə yetirilməsinə nəzarət edirlər. Lakin qiymətlərin formalaşması bazar prinsipləri əsasında həyata keçirilir və bu məsələ şirkətlərin öz qərarlarından asılıdır”.

Deputat qeyd edib ki, bununla yanaşı, bazarda əsassız qiymət artımlarının olub-olmaması da araşdırılmalıdır:

“Azərbaycanda süni qiymət artımlarına qarşı qanunvericilik mexanizmləri mövcuddur. Əgər xidmətin maya dəyərinə təsir edən əsas amillərdə dəyişiklik baş verməyibsə, qiymətlərin artırılması ilə bağlı məsələyə diqqətlə yanaşmaq lazımdır”.

Vüqar Bayramov bildirib ki, hazırda yanacağın qiymətində və taksi xidmətlərinin xərclərinə təsir göstərə biləcək digər əsas tariflərdə hər hansı dəyişiklik qeydə alınmayıb:

“Əgər bu istiqamətdə əlavə xərc artımı yoxdursa, qiymət yüksəlişinin səbəbləri araşdırılmalıdır. Bu baxımdan aidiyyəti dövlət qurumlarının monitorinqlər aparmasına ehtiyac var”.

Deputatın fikrincə, İqtisadiyyat Nazirliyi və sahəyə nəzarət edən digər qurumlar tərəfindən aparılacaq araşdırmalar bazarda baş verən dəyişikliklərin səbəblərini müəyyən etməyə və mümkün əsassız qiymət artımlarının qarşısını almağa kömək edə bilər.

O vurğulayıb ki, həm vətəndaşların maraqlarının qorunması, həm də sağlam rəqabət mühitinin təmin olunması üçün taksi bazarında baş verən proseslər diqqətdə saxlanılmalıdır.


Sizin reklam burada
Sizin reklam burada