“Körfəz ölkələri artıq daha müstəqil siyasət yürüdür” – Politoloq şərh edir

“Körfəz ölkələri artıq daha müstəqil siyasət yürüdür” – Politoloq  şərh edir
16:45

Yaxın Şərqdə son hərbi gərginlik fonunda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İran arasında yüksək səviyyəli təhlükəsizlik təmasları diqqət çəkib. Ekspertlər hesab edirlər ki, regionda vəziyyətin mürəkkəbləşdiyi bir vaxtda tərəflər arasında birbaşa dialoqun qurulması mümkün risklərin qarşısının alınmasına xidmət edir.

Mövzu ilə bağlı News365.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, BƏƏ və İran rəsmilərinin görüşü bölgədə diplomatik kanalların aktiv şəkildə işlədiyini göstərən mühüm hadisədir.

Onun sözlərinə görə, son proseslərdən sonra Körfəz ölkələri regionda hərbi qarşıdurmanın genişlənməsindən narahatdır və bu səbəbdən diplomatik təmaslara üstünlük verirlər:

“ABŞ və İsrailin həyata keçirdiyi əməliyyatlardan sonra Yaxın Şərqdə təhlükəsizlik mühiti daha həssas xarakter alıb. Belə bir şəraitdə Körfəz ölkələri münaqişənin öz ərazilərinə və iqtisadi maraqlarına təsir etməməsi üçün müxtəlif addımlar atırlar. BƏƏ-nin İranla birbaşa təmasa keçməsi də məhz bu məqsədə xidmət edir. Əbu-Dabi risklərin idarə olunması və gərginliyin azaldılması üçün diplomatik kanalları işə salmağa çalışır”.

Politoloq qeyd edib ki, Körfəz ölkələri artıq təhlükəsizlik məsələlərində daha praqmatik və müstəqil siyasət yürütməyə üstünlük verirlər:

“Bu görüş onu göstərir ki, region ölkələri yalnız böyük dövlətlərin hərbi strategiyalarına arxalanmaq istəmirlər. Onlar öz təhlükəsizlik maraqlarını birbaşa danışıqlar və siyasi dialoq vasitəsilə qorumağa çalışırlar. Hazırda bölgədə hərbi gərginliklə yanaşı, diplomatik balans axtarışı da müşahidə olunur”.

Züriyə Qarayeva hesab edir ki, baş tutan görüş İranın regional diplomatiyada yenidən nəzərə alınan tərəf kimi qəbul edilməsinin göstəricisidir:

“Uzun müddət İran regionda təcrid olunmuş aktor kimi təqdim edilirdi. Lakin son hadisələr göstərir ki, Tehranı regionun təhlükəsizlik və enerji məsələlərindən tam kənarda saxlamaq mümkün deyil. İran həm coğrafi mövqeyi, həm hərbi potensialı, həm də enerji imkanları baxımından bölgənin əsas oyunçularından biridir. BƏƏ-nin belə bir mərhələdə İranla təmas qurması Tehranın regional proseslərdə rolunun yenidən ön plana çıxdığını göstərir”.

Politoloq vurğulayıb ki, bu təmaslar tərəflər arasında bütün problemlərin aradan qalxması anlamına gəlmir:

“Burada əsas məqsəd qarşıdurmanı dərinləşdirmək yox, onu idarə etməkdir. Bu görüş yeni diplomatik kanalın açılması və mümkün risklərin minimuma endirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilə bilər”.


Sizin reklam burada
Sizin reklam burada