İran və ABŞ arasında 14 maddəlik gizli memorandum iddiası

İran və ABŞ arasında 14 maddəlik gizli memorandum iddiası
15:31

İran və ABŞ arasında mümkün razılaşmaya dair diqqətçəkən iddialar ortaya çıxıb.

News365.az xəbər verir ki,  İranın dövlətə məxsus xəbər agentliyi “Mehr News” danışıqlar prosesinə yaxın mənbələrə istinadən Tehran və Vaşinqton arasında müzakirə olunduğu bildirilən 14 maddəlik memorandumun bəzi detallarını yayıb.

Məlumata görə, sənəddə regionda gərginliyin azaldılmasına yönəlmiş bir sıra müddəalar yer alır. Layihədə müxtəlif istiqamətlər üzrə atəşkəsin təmin olunması, dəniz nəqliyyatı ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması və Hörmüz boğazında gəmiçiliyin bərpası kimi məsələlər əksini tapıb.

İddia olunan razılaşma layihəsində həmçinin ABŞ qüvvələrinin İran ətrafındakı bəzi mövqelərdən geri çəkilməsi, enerji sektoruna tətbiq olunan sanksiyaların yumşaldılması və ölkənin bərpasına yönəlik iri maliyyə proqramlarının həyata keçirilməsi nəzərdə tutulur.

Sənəddə nüvə proqramı ilə bağlı ayrıca danışıqlar mərhələsinin keçirilməsi də qeyd olunur. Bildirilir ki, tərəflər arasında yekun nüvə razılaşmasına nail olmaq və sanksiyarla bağlı məsələləri həll etmək üçün əlavə müzakirələr aparılması planlaşdırılır.

Yayılan məlumatlarda İranın xaricdə dondurulmuş maliyyə vəsaitlərinin bir hissəsinin azad edilməsi məsələsinin də müzakirə predmetlərindən biri olduğu vurğulanır.

Bununla yanaşı, sənədə əsasən, Tehran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiq qalacağını bir daha təsdiqləməlidir.

Qeyd edək ki, tərəflər sözügedən memorandumla bağlı rəsmi açıqlama verməyib və yayılan məlumatlar hələlik qeyri-rəsmi mənbələrə əsaslanır.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada