Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin növbəti iclasında ölkədə və dünyada baş verən sosial-iqtisadi və ictimai-siyasi proseslər müzakirə olunub.
Politoloq Əli Zülfüqaroğlu News365.az-a açıqlamasında partiyanın iclasdan sonra qəbul etdiyi bəyanatda bir sıra məsələlərlə bağlı mövqeyin ifadə olunduğunu bildirib.
Onun sözlərinə görə, ƏHD Partiyası tibb işçilərinin əməkhaqlarının artırılmasını və Bakı Metropoliteninin Nəsimi rayonunda yeni stansiyanın “20 Sentyabr” adlandırılması ilə bağlı Nazirlər Kabinetinin qərarını müsbət qiymətləndirib.
Politoloq qeyd edib ki, partiya 20 sentyabr tarixinin Azərbaycanın dövlət suverenliyinin tam bərpası baxımından tarixi əhəmiyyət daşıdığını vurğulayıb. Bəyanatda bu tarixlə bağlı Təzəpir məscidinin yaxınlığında yerləşən Mərkəzi Parkın “20 Sentyabr Parkı” adlandırılması təklif olunub.
Əli Zülfüqaroğlu bildirib ki, bəyanatda aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi də xüsusi diqqət mərkəzində olub.
“ƏHD Partiyası hökuməti aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi qərarlar qəbul etməyə çağırır. Partiyanın mövqeyinə görə, qiymət artımları fonunda aşağı gəlirli vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması vacibdir”, – deyə politoloq bildirib.
Onun sözlərinə görə, partiya tibb işçilərinin əməkhaqlarının artırılmasından sonra müəllimlərin, elm sahəsində çalışanların, hakimlərin və polis əməkdaşlarının da məvaciblərinin əhəmiyyətli dərəcədə artırılmasını təklif edir.
ƏHD Partiyası həmçinin iqtisadi sahədə islahatların sürətləndirilməsinə çağırış edib. Bəyanatda dövlət idarəetməsində ifrat mərkəzləşmənin azaldılması və azad bazar iqtisadiyyatına keçidi təmin edəcək genişmiqyaslı iqtisadi islahatların həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Politoloq əlavə edib ki, bəyanatda ABŞ vitse-prezidentinin və CNN-in Azərbaycanın ABŞ-nin İrana qarşı müharibəsində mümkün dəstəyi ilə bağlı açıqlamalarına da münasibət bildirilib. ƏHD Partiyası bu fikirləri Azərbaycanın İranla münasibətlərini gərginləşdirməyə yönəlmiş təxribat kimi qiymətləndirib.
Əli Zülfüqaroğlu bildirib ki, partiya Azərbaycan-Ermənistan münasibətləri məsələsinə də toxunub. Onun sözlərinə görə, Azərbaycan ərazisindən Ermənistana yük daşımalarının başlaması və iki ölkə arasında ticarət əlaqələrinin formalaşması fonunda ƏHD Partiyası yekun sülh sazişi imzalanana qədər Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlərin qurulmasını təklif edir.
“Beynəlxalq təcrübədə sülh sazişi imzalanmadan diplomatik münasibətlərin qurulması nümunələri mövcuddur. Bəyanatda bu baxımdan 1956-cı ildə Yaponiya ilə Sovet İttifaqı arasında diplomatik əlaqələrin bərpa olunması nümunəsi qeyd edilir”, – deyə politoloq bildirib.
News365.az