Rusiya-Ukrayna müharibəsində kritik dönüş nöqtəsi - Sülh olacaqmı?

Rusiya-Ukrayna müharibəsində kritik dönüş nöqtəsi - Sülh olacaqmı?
11:13

Rusiya ilə Ukrayna arasında davam edən genişmiqyaslı müharibə həm döyüş meydanında, həm də qlobal siyasi kulislərdə yeni və olduqca ziddiyyətli proseslərlə müşayiət olunur. Cəbhə xəttində raket və pilotsuz uçuş aparatlarının (PUA) intensivliyi pik həddə çatsa da, siyasi mərkəzlərdə münaqişənin dondurulması və ya başa çatdırılması ssenariləri üzərində ciddi hazırlıqlar gedir.

Cəbhə xəttindəki hərbi əməliyyatlar Rusiya ordusunun əsas təchizat damarlarından biri hesab olunan strateji Krım (Kerç) körpüsünün növbəti dəfə şiddətli hücumlara məruz qalması ilə diqqət çəkir. Körpü ətrafında ardıcıl olaraq hava həyəcanı siqnalları səslənib, hava hücumundan müdafiə sistemlərinin işə düşməsi ilə yanaşı, dəniz və hava PUA-larının hücum cəhdləri qeydə alınıb. Ardınca hücumların miqyası daha da genişlənib və Ukrayna qüvvələrinin kombinə edilmiş zərbələri nəticəsində körpüdə avtomobil və dəmir yolu nəqliyyatının hərəkəti tamamilə dayandırılıb. İllərlə "toxunulmaz" kimi təqdim edilən bu infrastruktur obyektinin ardıcıl hədəfə alınması rəsmi Moskvanı ciddi narahat edir. İlhaq olunmuş Krımın rusiyalı rəhbəri Sergey Aksyonov fövqəladə bəyanat yayaraq sürücüləri və yerli sakinləri körpü istiqamətində hərəkət etməkdən çəkinməyə, alternativ quru yollarından istifadə etməyə çağırıb. Hərbi ekspertlər hesab edirlər ki, Kiyev bu zərbələrlə qış ayları ərəfəsində Rusiyanın cənub cəbhəsindəki logistika imkanlarını tamamilə iflic etməyi hədəfləyir.

Cəbhədə bu cür gərgin hərbi toqquşmalar davam edərkən, proseslərin davamı kimi Moskvanın daxili siyasi mətbəxindən sızan məlumatlar dünya mediasının əsas müzakirə mövzusuna çevrilib. Rusiyanın nüfuzlu "Vedomosti" nəşrinin Kremlə yaxın mənbələrə istinadən yaydığı xəbərə görə, Prezident Administrasiyası hakim "Vahid Rusiya" partiyasının deputatlarına, qubernatorlara və dövlət mediasına yeni və qeyri-adi təlimat verib. Təlimata əsasən, rəsmi dairələr cəmiyyəti Ukraynadakı xüsusi hərbi əməliyyatın tezliklə "qələbə ilə başa çatmasına" və cəbhədəki yüz minlərlə döyüşçünün kütləvi şəkildə evlərinə qayıtmasına hazırlamalıdırlar. Analitiklər bildirirlər ki, Kreml bu yolla həm Rusiya cəmiyyətində artan müharibə yorğunluğunu neytrallaşdırmağa çalışır, həm də yaxın aylarda imzalana biləcək mümkün atəşkəs razılaşmasını daxili auditoriyaya məğlubiyyət və ya güzəşt kimi deyil, məhz "qələbə" kimi təqdim etmək üçün ideoloji zəmin formalaşdırır.

Bunun ardınca diplomatik cəbhədə də hərəkətlilik nəzərəçarpacaq dərəcədə artıb. ABŞ, Avropa İttifaqı və Rusiya xətti ilə mümkün danışıqlar masasının konturları müzakirə olunur. Moskva artıq açıq şəkildə bəyan edir ki, gələcək sülh sazişi yalnız Rusiya və Ukrayna arasındakı ərazi mübahisələri ilə məhdudlaşa bilməz və Avropanın ümumi təhlükəsizlik arxitekturasında söz sahibi olan əsas Qərb dövlətləri də prosesdə birbaşa iştirak etməlidirlər. Lakin diplomatik mesajlarla yanaşı, regionda hərbi təzyiq rıçaqları da işə salınıb. Belə ki, Belarus Silahlı Qüvvələrinin Ukrayna ilə sərhəd bölgələrində, xüsusilə Brest və Qomel istiqamətlərində döyüş hazırlığının yoxlanılması adı altında qoşunların yüksək hazırlıq vəziyyətinə gətirilməsi Kiyev və Qərb paytaxtlarında diqqətlə izlənilir. Bu addım Ukrayna ordusunun bir hissəsini şimal sərhədində saxlamaq və cənub-şərq cəbhəsinə əlavə qüvvə göndərməsinin qarşısını almaq məqsədi daşıyır.

Nəhayət, Qərb dünyası Moskvanı danışıqlar masasında güzəştə vadar etmək üçün iqtisadi sanksiyalar mexanizmini daha da sərtləşdirmək qərarına gəlib. Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı növbəti sanksiyalar paketini razılaşdırıblar. Yeni məhdudiyyətlər siyahısına Rusiyanın hərbi sənaye kompleksinə bağlı 145 fiziki və hüquqi şəxslə yanaşı, Qərbin neft embarqosundan yayınmaq üçün istifadə edilən "kölgə donanması"na məxsus onlarla tanker də daxil edilib. Brüssel bununla Kreml-in müharibəni maliyyələşdirmək üçün əldə etdiyi əsas valyuta axınını kəsməyi planlaşdırır.

Ümumilikdə, ardıcıl baş verən bu hadisələr Rusiya-Ukrayna müharibəsinin həlledici bir yol ayrıcında olduğunu sübut edir. Bir tərəfdə Krım körpüsünə endirilən dağıdıcı zərbələr və sərtləşən sanksiyalar, digər tərəfdə isə Kremlin daxili auditoriyaya ünvanladığı "evə dönüş" mesajları göstərir ki, tərəflər mümkün danışıqlar masası arxasına keçməzdən əvvəl cəbhədə və siyasətdə maksimum üstünlük qazanmağa çalışırlar.

Hərbi ekspert Əfrahim Təhməzov Musavat.com- a deyib ki, Rusiya -Ukrayna cəbhəsində və siyasi kulislərdə ardıcıl baş verən bu proseslər bir-birindən ayrı deyil, əksinə, eyni strateji zəncirin halqalarıdır:
"İlk növbədə Krım körpüsünə endirilən zərbələrə diqqət yetirmək lazımdır. Bu körpü Rusiya ordusunun cənub qruplaşması üçün təkcə nəqliyyat vasitəsi deyil, həm də əsas nəfəs borusudur. Ukrayna tərəfi hava və dəniz PUA-larından istifadə etməklə körpüdəki hərəkəti tam dayandırmağa nail olub. Qış ayları yaxınlaşdıqca logistika cəbhədə həlledici faktora çevrilir. Rusiya ordusu artıq alternativ quru dəhlizlərindən – yəni işğal olunmuş Zaporojye və Donetsk ərazilərindən keçən yollardan istifadə etməyə məcbur qalır ki, bu marşrutlar da Ukrayna artilleriyasının və raket sistemlərinin birbaşa atəş məsafəsindədir. Bu, Rusiya komandanlığı üçün ciddi hərbi dalandır".

Əfrahim Təhməzov bildirib ki, cəbhədəki bu logistik çətinliklər və resurs tükənməsi fonunda Kreml-in daxili auditoriyaya "qələbəyə və döyüşçülərin evə qayıtmasına hazırlaşın" təlimatı verməsi tamamilə məntiqli görünür: "Moskva anlayır ki, müharibəni bu templə sonsuza qədər uzatmaq həm iqtisadi, həm də hərbi baxımdan mümkün deyil. 'Vahid Rusiya' partiyasına və mediaya verilən bu göstəriş əslində cəmiyyəti yaxınlaşan atəşkəsə və ya münaqişənin dondurulması ssenarisinə psixoloji cəhətdən hazırlamaq məqsədi daşıyır. Kreml cəbhədə istədiyi strateji hədəflərə tam çatmasa belə, əldə saxladığı əraziləri ictimai rəyə 'böyük qələbə' kimi təqdim etməyə çalışır. Yüz minlərlə hərbçinin kütləvi şəkildə evə qayıtması isə Rusiya daxilində sosial və kriminal gərginlik yarada bilər, ona görə də hakimiyyət bu prosesi əvvəlcədən nəzarətə götürmək istəyir".

Belarus Silahlı Qüvvələrinin Ukrayna sərhədində yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsinə toxunan hərbi ekspert bunun klassik yayındırma manevri olduğunu vurğulayıb: "Belarusun Brest və Qomel istiqamətlərində qoşunları hərəkətə gətirməsi birbaşa hücum hazırlığından daha çox, Kiyevə təzyiq göstərmək məqsədi daşıyır. Rusiya istəyir ki, Ukrayna Baş Qərargahı şimal sərhədlərini qorumaq üçün özünün ən döyüşkən briqadalarını orada saxlasın və cənub-şərq cəbhəsinə, xüsusilə Krım istiqamətinə əlavə qüvvə göndərə bilməsin. Lakin Ukrayna tərəfi şimal sərhədini artıq kifayət qədər möhkəmləndirib və bu cür manevrlərə hazır vəziyyətdədir".

Sonda Avropa İttifaqının Rusiyanın "kölgə donanması"na və 145 fiziki-hüquqi şəxsə qarşı tətbiq etdiyi yeni sanksiyalara münasibət bildirən Əfrahim Təhməzov qeyd edib ki, Qərb danışıqlar masası qurulmazdan əvvəl Moskvanın əlindəki bütün maliyyə rıçaqlarını sıradan çıxarmağa çalışır: "Müharibəni pul aparır. Rusiyanın neft satışından gələn gizli gəlirlərinin qarşısının alınması yaxın aylarda hərbi sənaye kompleksinin istehsal gücünə birbaşa zərbə vuracaq. Görünən odur ki, həm Qərb, həm də Ukrayna danışıqlar masasına maksimum güclü mövqedən oturmaq, Rusiyanı isə çıxılmaz vəziyyətdə sülhə məcbur etmək strategiyasını işə salıb".(Musavat.com)


Sizin reklam burada
Sizin reklam burada