ABŞ-ın Cənubi Koreyadakı hərbi kontingentinin komandanı Ksavye Bransonun çıxışları diplomatik qalmaqala yol açıb və Cənubi Koreya rəsmilərini həm Vaşinqton, həm də Pekin qarşısında izahat vermək məcburiyyətində qoyub.
Bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Qalmaqala səbəb generalın ABŞ Ordusunun Hərbi Kollecinin podkastına verdiyi son müsahibəsində Cənubi Koreyanı “Asiyanın ürəyinə sancılmış xəncər” adlandırması olub. Bu bəyanat Çin tərəfinin kəskin reaksiyasına səbəb olub. Çinin Seuldakı səfirliyi bu cür ifadələrin "həddi aşdığını" bildirib.
Cənubi Koreya Prezident Administrasiyasından verilən məlumata görə, milli təhlükəsizlik müşaviri Vi Son Lak, eləcə də Müdafiə və Xarici İşlər nazirliklərinin nümayəndələri Seulun bu mübahisəli ifadələrlə bağlı rəsmi mövqeyini ABŞ tərəfinə çatdırıblar. Məktubun məzmunu açıqlanmasa da, təhlükəsizlik ekspertləri hesab edirlər ki, burada söhbət yaranmış diplomatik münaqişədən təəssüf hissinin ifadə olunmasından gedir.
Prezident Administrasiyasının nümayəndəsi təsdiqləyib ki, bu məsələ ilə bağlı Cənubi Koreya və ABŞ arasında müxtəlif diplomatik və hərbi kanallarla təmaslar davam etdirilir.
Generalın özü isə sonradan sözlərinin fəsadlarını yumşaltmağa çalışıb. Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" təhlükəsizlik forumunda çıxış edən Branson siyasi bəyanat vermədiyini, sadəcə olaraq ABŞ qoşunlarının regionda fəaliyyət göstərdiyi əməliyyat şəraitini təsvir etməyə çalışdığını bildirib.
Bu, Bransonun səs-küylü geosiyasi metaforalardan istifadə etdiyi ilk hal deyil. O, ötən il Cənubi Koreyanı ABŞ-ın Hind-Sakit okean regionundakı “batmaz aviadaşıyıcısı” adlandırmış və bununla da ölkənin Amerikanın Asiyadakı hərbi varlığı üçün strateji əhəmiyyətini vurğulamışdı.