Şuşada Avropa Şurası ilə gərgin münasibətlərimizi şərh edən Cənab Prezident dedi ki, "biz Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinə səs verməmişik və bu səbəbdən Azərbaycan məhkəmə qərarlarını tanımır, çünki biz bilmirik o insanlar kimlərdir."
Məsələnin hüquqi tərəfi məni elə də çox maraqlandırmır. Əlbəttə ki, bu Məhkəmənin qərarlarını tanımırıqsa, gərək qoşulduğumuz Konvensiyadan da rəsmi çıxaq (yəni Milli Məclis qərar versin, Prezident onu təsdiqləsin).
Məni sadəcə aşağıdakı praktiki məsələlər maraqlandırır:
1. Biz Avropa Şurasına hələ də məcburi illik üzvlük haqqını ödəyirik, ya yox? Məsələ burasındadır ki, həmin məbləğin xeyli hissəsi elə sözügedən Məhkəmənin fəaliyyətinin maliyyələşdirilməsi üçündür. Həmin Məhkəmənin qərarlarını tanımırıqsa, gərək ödənişi də dayandıraq.
2. Həmin Məhkəmənin qərarlarını tanımırıqsa, gərək orada bizdən olan hakim Lətif Hüseynovu da geri çağıraq. Çünki bir qədər yaxşı çıxmır: biz bu Məhkəmənin qərarlarını tanımırıq, amma hakimimizin iştirakı ilə çıxarılan qərarları Avropanın digər ölkələri tanıyır.
3. Bildiyim qədər dövlət orqanlarımız həmin Məhkəmə ilə işləməyi davam etdirir. O cümlədən məmurlarımız Azərbaycana qarşı verilmiş şikayətlər üzrə Məhkəmənin sorğularına cavab verirlər. Məhkəmənin qərarlarını tanımırıqsa, niyə ona bu qədər vaxt və səy sərf edirik?
Məndə elə təəssürat yaranır ki, kimsə dövlət başçısına düzgün məlumat verməyib. Yəni ora pul ödəyirik, hakimimiz ordadır, məmurlarımız Məhkəmə ilə əməkdaşlıq edir, amma Prezidentə məruzə edirlər ki. onun qərarlarını tanımırıq...
Əkrəm Həsənov, hüquqşünas
P.S. Vəkil olaraq mən bu Məhkəmə ilə işləməyin tərəfdarıyam (amma əlbəttə siyasi zərurət və milli maraqlarımız tələb edirsə, başqa məsələ). Əlbəttə, Azərbaycan məhkəmələrinin çıxardığı qanunsuz qərarlara elə də ciddi təsiri yoxdur. Xüsusilə sistemli məsələlərdə. Məsələn, düz 10 il öncə mən borcunu ödəyə bilməyən şəxslərin həbsini həmin Məhkəmədə mübahisələndirdim və 2022-ci ildə (6 il sonra, bu Məhkəmədə işlərin illərlə davam etməsi də başqa dərddir!) Məhkəmə qərar verdi ki, bəli, Azərbaycanda borcluları qanunsuz həbs edirlər və dövlətimiz cərimələndi. Ondan sonra bu həbslər dayandımı? Xeyli azaldı, amma dayanmadı. Fəqət, azaldısa da, deməli, minlərlə günahsız insan həbsdən qurtuldu və təkcə buna görə bu Məhkəmənin olması lazımdır. Ən azı hakimlərimiz üçün mayak, utanc yeridir...