Azərbaycan-Slovakiya
münasibətlərində yeni mərhələ formalaşır. Əməkdaşlığın əsasını uzun illər
enerji sahəsi təşkil etsə də, artıq gündəmə sənaye, texnologiya, logistika və
investisiya layihələri çıxır. Bu, münasibətlərin daha geniş iqtisadi məzmun
qazanması üçün əlverişli imkan yaradır.
Mövzu ilə
bağlı danışan iqtisadçı Eldəniz Əmirov
deyir ki, mövcud iqtisadi göstəricilər potensialı hələ əks etdirmir:
“İki ölkə
arasında ticarət dövriyyəsi kifayət qədər aşağı səviyyədədir. Azərbaycanın
Slovakiyaya ixracı isə demək olar ki, simvolik həcmdədir. Ölkəmizin ümumi
ixracının cəmi 0,00048 faizi Slovakiyanın payına düşür. Başqa sözlə, Azərbaycanın
ixrac etdiyi hər 100 min dolların cəmi 48 senti Slovakiyaya yönəlir. Bu rəqəm
mövcud iqtisadi əlaqələrin hələ inkişafın başlanğıc mərhələsində olduğunu göstərir.
Slovakiya
Prezidentinin Ağdama səfəri də məhz bu kontekstdə qiymətləndirilməlidir.
Qarabağ artıq yeni investisiya və istehsal layihələrinin formalaşacağı iqtisadi
məkan kimi təqdim olunur. Slovakiyanın mühəndislik və sənaye təcrübəsi, Azərbaycanın
enerji resursları, sənaye parkları və tranzit imkanları bir-birini tamamlayan
üstünlüklər yaradır. Bu potensial real layihələrə çevrilərsə, qarşılıqlı
investisiyalar və birgə istehsal üçün yeni imkanlar açılacaq.
İndi, əsas hədəf
siyasi dialoqu iqtisadi nəticəyə çevirməkdir. Əgər yaxın illərdə konkret sənaye
layihələri, texnologiya transferi və istehsal kooperasiyası üzrə addımlar
atılarsa, bugünkü zəif ticarət göstəriciləri sürətlə dəyişə bilər. Bu halda Azərbaycan-Slovakiya
münasibətləri sadəcə diplomatik əlaqələr çərçivəsində qalmayacaq, iqtisadi
baxımdan da hər iki ölkə üçün daha əhəmiyyətli tərəfdaşlığa çevriləcək”.
News365.az