Şuşa Qlobal Media Forumu: "Yumşaq diplomatiya"nın təntənəsi- Tural İrfan yazır
Siyasət
09:15
Şuşa Qlobal Media Forumu artıq təkcə media nümayəndələrinin görüş yeri deyil, Azərbaycanın özünü dünyaya təqdim etdiyi ən mühüm beynəlxalq platformalardan birinə çevrilib. Bu tədbirin əhəmiyyətini artıran əsas amillərdən biri də Prezident İlham Əliyevin Forumda şəxsən iştirak etməsi və dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlərin suallarını birbaşa cavablandırmasıdır. Bu, Azərbaycanın mövqeyinin vasitəçilər olmadan beynəlxalq auditoriyaya çatdırılması üçün nadir imkan yaradır.
Əslində, 5-6 il əvvəl belə bir mənzərəni təsəvvür etmək çətin idi. Şuşada onlarla ölkədən jurnalistlərin toplaşması, dünyanın aparıcı media qurumlarının nümayəndələrinin burada müzakirələr aparması və Azərbaycan Prezidentinin saatlarla açıq formatda onların suallarını cavablandırması ölkəmizin həm siyasi çəkisinin, həm də beynəlxalq maraq dairəsindəki yerinin dəyişdiyini göstərir.
Builki Forumun miqyası da bunu təsdiqləyir. Tədbirdə 53 ölkədən 160 nümayəndə, o cümlədən 30 xəbər agentliyi, 60-dan çox media qurumu və 10 beynəlxalq təşkilat iştirak edir. Bu, təsadüfi rəqəmlər deyil. Bu statistika göstərir ki, Şuşa artıq qlobal informasiya məkanının diqqət mərkəzində olan ünvanlardan birinə çevrilib.
Son dörd ildə isə Forum 81 ölkədən 600-ə yaxın media nümayəndəsini bir araya gətirib. Bu dinamika onu göstərir ki, tədbir ildən-ilə nüfuz qazanır və beynəlxalq media ictimaiyyətinin marağı davamlı şəkildə artır.
Inanıram ki, belə platformalar Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. İnformasiya mübarizəsinin ən az siyasi və iqtisadi rəqabət qədər önəmli olduğu bir dövrdə ölkənin mövqeyini birbaşa dünya mediasına çatdırmaq, açıq dialoq aparmaq və beynəlxalq auditoriya ilə birbaşa ünsiyyət qurmaq ciddi üstünlükdür.
Şuşa Qlobal Media Forumu da məhz bu baxımdan Azərbaycanın yumşaq gücünü və beynəlxalq nüfuzunu gücləndirən mühüm platformaya çevrilməkdədir.