Arıq insanlarda da yaranır: İkinci çənənin gizli səbəbləri

Arıq insanlarda da yaranır: İkinci çənənin gizli səbəbləri
09:40

Üz nahiyəsindəki kiçik dəyişikliklər bəzən sadəcə estetik problem kimi qəbul edilir. Lakin çənənin altında yaranan əlavə piy qatı hər zaman kökəlmə ilə əlaqəli olmaya bilər. Mütəxəssislər bildirirlər ki, ikinci çənənin formalaşmasında yaş, üz anatomiyası, həyat tərzi və bəzi sağlamlıq problemləri də rol oynaya bilər.

News365.az “Medicina.az”a istinadən xəbər verir ki, plastik cərrah Vasilis Peruşkin ikinci çənənin yaranma səbəbləri barədə danışıb.

Onun sözlərinə görə, bu halın ən geniş yayılmış səbəblərindən biri qeyri-sağlam qidalanma və hərəkətsiz həyat tərzi nəticəsində çənəaltı nahiyədə piy toxumasının toplanmasıdır. Yaş artdıqca dərinin elastikliyinin azalması və dərialtı toxumalarda baş verən dəyişikliklər də ikinci çənənin daha qabarıq görünməsinə səbəb ola bilər.

Həkim vurğulayıb ki, bu problem yalnız artıq çəkisi olan insanlara xas deyil. Bəzi hallarda üz quruluşunun anatomik xüsusiyyətləri və düzgün olmayan bədən duruşu da çənəaltı nahiyənin görünüşünə təsir göstərir.

Peruşkinin sözlərinə görə, hətta çox arıq insanlarda belə ikinci çənə yarana bilər. Bu, bəzi hallarda fərdi anatomik quruluşla bağlı olur.

Plastik cərrah ikinci çənənin yaranmasının mümkün səbəbləri sırasında endokrin sistemlə əlaqəli problemləri də qeyd edib. Onun fikrincə, maddələr mübadiləsinə təsir edən bəzi xəstəliklər, o cümlədən şəkərli diabet və qalxanabənzər vəzinin xəstəlikləri də bu proseslə əlaqəli ola bilər.

İkinci çənədən necə qurtulmaq olar?

Mütəxəssis bildirir ki, çənəaltı nahiyədə piy toplanması ilkin mərhələdədirsə, həyat tərzinin dəyişdirilməsi müsbət nəticə verə bilər. Bunun üçün fiziki aktivliyin artırılması, balanslı qidalanma və çəkinin nəzarətdə saxlanılması tövsiyə olunur.

Çənə və boyun nahiyəsinə qulluq, eləcə də masaj da əlavə vasitə kimi istifadə edilə bilər. Lakin piy toxumasının həcmi çox olduqda və problem davam etdikdə mütəxəssisə müraciət etmək vacibdir.

Qeyd edək ki, ikinci çənənin olması özlüyündə endokrin xəstəliyin göstəricisi hesab edilmir. Dəqiq səbəbi müəyyənləşdirmək üçün həkim müayinəsi tələb olunur.


Sizin reklam burada
Sizin reklam burada