Əmlak eksperti Anar Nəsirov News365.az-a açıqlamasında bildirib ki, 2019-cu ildən etibarən Bakı və ətraf qəsəbələrdə daşınmaz əmlaka maraq davamlı şəkildə artıb. Bu tendensiya hər il qiymətlərə də təsir göstərib.
Ekspertin sözlərinə görə, əmlak bazarında qiymətləri müəyyən edən əsas amil tələb və təklif arasındakı nisbətdir. Alıcıların sayı mövcud təklifdən çox olduqda bahalaşma qaçılmaz olur.
O xatırladıb ki, 2023-cü il oktyabrın 1-dən çıxarışı olmayan həyət evlərinin kommunal xidmətlərə qoşulması və həmin evlərdə qeydiyyata düşməklə bağlı məhdudiyyətlər alıcıların sənədsiz əmlaka münasibətini dəyişib. Nəticədə vətəndaşların bir qismi çıxarışı olmayan torpaq sahələrini almaqdan imtina edib.
Lakin 2026-cı ildə Bakı və ətraf ərazilərdə evlərin qiymətinin yüksək həddə çatması torpaq bazarında marağı yenidən artırıb. Hazırda alıcılar daha çox çıxarışı olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid edilən və tikinti üçün hüquqi baxımdan yararlı sahələrə üstünlük verirlər.
Anar Nəsirov qeyd edib ki, belə torpaqların məhdud olması və onlara tələbatın yüksəkliyi qiymət artımını sürətləndirir.
"Bakının yaxınlığında yerləşən kənd və qəsəbələrdə torpaqların qiyməti daha yüksəkdir. Ancaq bahalaşma bütün torpaq sahələrini əhatə etmir. Söhbət əsasən çıxarışı olan torpaqlardan gedir. Sənədləri qaydasında olmayan sahələrdə vətəndaşların qanuni şəkildə ev tikməsi mümkün deyil. 2023-cü il oktyabrın 1-dən bu istiqamətdə nəzarət də gücləndirilib.
Məhz buna görə alıcılar tikinti üçün hüquqi əsasları olan torpaqlara üstünlük verirlər. Hazır ev almağa maddi imkanı çatmayan bəzi vətəndaşlar 3-4 sot torpaq əldə edərək layihəni təsdiqlədir, daha sonra evlərini mərhələli şəkildə tikirlər.
Amma çıxarışı olmayan torpaqda tikintiyə başlamaq ciddi risklər yaradır. Tikinti layihəsi təsdiqlənmədikdə vətəndaş cərimələnə, hətta inşa etdiyi evin sökülməsi ilə üzləşə bilər. Bu isə həm maddi, həm də mənəvi itkilərə səbəb olur", – deyə ekspert vurğulayıb.
Anar Nəsirovun qənaətinə görə, sənədli torpaqların azlığı və alıcı marağının yüksək olması yaxın dövrdə də qiymətlərin artmasına səbəb olacaq. Onun fikrincə, bazara inzibati müdaxilə ilə bahalaşmanın qarşısını almaq mümkün deyil. Bunun üçün əsaslı addımlar atılmalıdır.
Ekspert hesab edir ki, bələdiyyə və digər sərəncamlar əsasında vətəndaşlara verilmiş torpaqların sənədləşdirilməsi və onlara çıxarışların təqdim edilməsi bazarda təklifi artıra bilər. Bu, eyni zamanda dövlət büdcəsinə əlavə gəlirlərin daxil olmasına imkan yaradar.
"Çünki hazırda sənədləri olmayan torpaqlar vergiyə cəlb edilə bilmir. Əgər həmin torpaqların hüquqi statusu müəyyənləşdirilərək çıxarışla təmin olunarsa, həm bazarda təklif genişlənər, həm də dövlət büdcəsinə milyonlarla manat vəsait daxil olar. Belə bir mexanizm tətbiq edilmədiyi müddətdə sənədli torpaqların bahalaşmasının davam edəcəyi gözlənilir", – deyə A. Nəsirov bildirib.