Məktəb bufetləri şagirdlərin sağlam qidalanmasını təmin etməli olduğu halda, burada təklif edilən bəzi məhsullar valideynlər üçün ciddi narahatlıq mənbəyinə çevrilib. Xüsusilə satışına icazə verilməyən qidaların hələ də bufetlərdə yer alması, yoxlamalar zamanı isə onların müvəqqəti olaraq gizlədilməsi ilə bağlı iddialar nəzarət mexanizminin effektivliyini sual altına alır.
News365.az-a danışan E. Hüseynov hesab edir ki, problemin əsas səbəblərindən biri məktəb bufetlərinə nəzarətin yetərincə çevik təşkil edilməməsidir. Onun fikrincə, mövcud yoxlama mexanizmi bəzi hallarda sahibkarların qayda pozuntularını gizlətməsinə şərait yaradır.
Həmsöhbətimiz bildirir ki, Qida Təhlükəsizliyi Agentliyinin yoxlamalar barədə əvvəlcədən məlumat verməsi nəzarətin nəticələrinə mənfi təsir göstərir. Belə ki, redaksiyaya daxil olan məlumatlara əsasən, bəzi məktəb bufetlərində qadağan olunmuş məhsullar yoxlamadan əvvəl satışdan götürülür, proses başa çatdıqdan sonra isə yenidən piştaxtalara qaytarılır.
E. Hüseynovun sözlərinə görə, bu yaxınlarda məktəblərdən birində çalışan şəxsdən əldə etdikləri məlumat da belə halların baş verdiyini göstərir:
"Bizə verilən məlumata görə, yoxlamadan bir gün əvvəl bufetlərdə satılması qadağan olunan məhsullar yığışdırılır, qapalı yerlərdə saxlanılır. Yoxlama başa çatdıqdan sonra isə həmin məhsullar yenidən satışa çıxarılır. Belə şəraitdə aparılan yoxlamanın real vəziyyəti üzə çıxarmaq baxımından nə dərəcədə effektiv olduğu sual doğurur. Nəzarətin məqsədi yalnız yoxlama günü qaydalara əməl olunduğunu göstərmək deyil, bu tələblərin hər gün yerinə yetirilməsinə nail olmaqdır".
Müsahibimiz çıxış yolunu xəbərdarlıq edilmədən keçirilən qəfil yoxlamalarda görür. O hesab edir ki, Qida Təhlükəsizliyi Agentliyi daxil olan şikayətləri operativ araşdırmalı, məktəblərdəki vəziyyəti yerində qiymətləndirmək üçün daha geniş imkanlara malik olmalıdır.
E. Hüseynovun fikrincə, məktəb bufetlərində sağlam qidalanmanı təşviq etmək üçün alternativ həllər də tətbiq edilə bilər. Onun təkliflərindən biri məktəblərin foyelərində meyvə satışı üçün avtomatik aparatların quraşdırılmasıdır.
"Şagirdlərin böyük tənəffüs zamanı yemək almaq üçün çox az vaxtı olur. Bu müddətdə isti yeməklərin hazırlanması və təqdim edilməsi də praktik baxımdan çətindir. Ona görə də məktəblərin foyelərində meyvə satan avtomatların yerləşdirilməsini məqsədəuyğun hesab edirik. Uşaqlar kiçik məbləğ ödəməklə həmin aparatlardan meyvə əldə edə və daha sağlam qidalana bilərlər", – deyə o bildirib.
Həmsöhbətimiz valideynlərin də bu məsələdə kənarda qalmamalı olduğunu vurğulayıb. Onun qənaətinə görə, valideyn komitələrinin məktəb bufetlərinin fəaliyyətinə nəzarəti formal xarakter daşımamalı, aşkar edilən nöqsanlar aidiyyəti qurumlara çatdırılmalıdır.
E. Hüseynov əlavə edib ki, Qida Təhlükəsizliyi Agentliyinin qaynar xəttinin nömrəsi məktəblərdə görünən və əlçatan yerlərdə yerləşdirilməlidir. Bu, şagirdlərə və valideynlərə hər hansı qanun pozuntusu ilə qarşılaşdıqları zaman dərhal məlumat vermək imkanı yaradacaq.
O, bufetlərdə qızardılmış yeməklərin və satışına icazə verilməyən içkilərin təklif olunması ilə bağlı məlumatların da narahatlıq doğurduğunu deyib:
"Valideyn komitələrinin nəzarəti gücləndirilməli, şagirdlərin sağlamlığına təsir edə biləcək hallara qarşı ictimai mövqe formalaşdırılmalıdır. Qaynar xəttin nömrəsi hər kəs üçün əlçatan olmalıdır ki, hər hansı pozuntu müşahidə edildikdə vaxt itirmədən aidiyyəti quruma müraciət etmək mümkün olsun.
Məktəb bufetlərində qızardılmış yeməklərin və satışına icazə verilməyən içkilərin təklif edilməsi ilə bağlı məlumatlar var. Bütün bunlar göstərir ki, mövcud nəzarət mexanizmlərinə yenidən baxılmalıdır. Əsas məqsəd yoxlamaların sayını artırmaq deyil, şagirdlərə təqdim olunan qidaların təhlükəsizliyini real şəkildə təmin etmək olmalıdır", – deyə E. Hüseynov fikirlərini yekunlaşdırıb.
News365.az