Gənclər dəyişir, valideynlər qəbul etmir: Ailələrdə anlaşılmazlığın səbəbi nədir?

Gənclər dəyişir, valideynlər qəbul etmir: Ailələrdə anlaşılmazlığın səbəbi nədir?
14:13

Valideynin doğru hesab etdiyi bir çox davranış övladı üçün köhnəlmiş düşüncə tərzi, gənclərin adi qarşıladığı seçimlər isə yaşlı nəsil üçün qəbuledilməz görünə bilər. Eyni ailədə böyüyən, eyni cəmiyyətdə yaşayan insanların dünyaya bu qədər fərqli baxması zaman-zaman mübahisələrə və anlaşılmazlıqlara yol açır. Texnologiyanın sürətlə dəyişdirdiyi həyat tərzi isə nəsillər arasındakı bu fərqi daha da dərinləşdirir.

Psixoloq və psixoterapevt Rövşən Nəcəfov News365.az-a açıqlamasında bildirib ki, nəsillər arasında düşüncə və dəyər fərqlərinin yaranması yeni proses deyil. Sadəcə, müasir dövrdə dəyişikliklərin sürətlənməsi bu ziddiyyətləri daha qabarıq şəkildə üzə çıxarır.

Onun sözlərinə görə, İvan Turgenevin "Atalar və oğullar" əsərində təsvir olunan nəsillərarası qarşıdurma bu problemin tarixən mövcud olduğunu göstərir. Hər nəsil öz dövrünün şərtlərinə uyğun dünyagörüşü, davranış qaydaları və həyat prinsipləri formalaşdırır. Rəqəmsallaşma isə fərqli nəsillərin bir-birindən uzaqlaşmasını daha sürətli və nəzərəçarpan edib.

Psixoterapevt hesab edir ki, dəyərlərin dəyişməsi insanın mahiyyətinin itməsi və ya cəmiyyətin dağılması demək deyil. İnsan şəxsiyyəti texnoloji yeniliklərdən daha geniş anlayışdır. Bununla belə, insanlar mənimsədikləri dəyərləri öz kimliklərinin bir hissəsi hesab etdikləri üçün fərqli yanaşmalarla qarşılaşanda müdafiə mövqeyinə keçə bilirlər.

Rövşən Nəcəfovun fikrincə, ənənəvi düşüncəyə üstünlük verən insanlar yeniliklər qarşısında özlərini güvənsiz hiss edə, gənclər isə anlaşılmadıqlarını və seçimlərinin məhdudlaşdırıldığını düşünə bilərlər.

Müsahibimiz vurğulayıb ki, nəsillərarası münasibətlərdə əsas çətinlik dəyişikliklərin özü deyil, insanların bu dəyişiklikləri qəbul etməkdə yaşadığı psixoloji maneələrdir.

"Bir nəsil digərinin həyat tərzini və seçimlərini qəbul etmədikdə adi fikir ayrılığı daha ciddi münasibət probleminə çevrilir. Əslində, mübahisələrin arxasında çox vaxt hansısa dəyərin doğru və ya yanlış olması dayanmır. İnsan özünü haqlı, təhlükəsiz və qəbul edilmiş görmək istəyir. Bu ehtiyac qarşılanmadıqda fərqli düşüncəyə qarşı müqavimət yaranır.

Cəmiyyətin gələcəyini ənənə ilə yeniliyin qarşıdurması müəyyən etmir. Əsas məsələ fərqli baxışlara hörmətlə yanaşmaq, dəyişən şəraitə uyğunlaşmaq və bir-birini anlamağı bacarmaqdır", – deyə psixoloq bildirib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada