Rusiya-Ukrayna müharibəsi artıq dördüncü ilinin sonlarına doğru irəliləyərkən, hərbi əməliyyatların Ukrayna cəbhəsi ilə məhdudlaşmadığını, coğrafiyasının sürətlə genişləndiyini və yeni eskalasiya mərhələsinə qədəm qoyduğunu göstərir.
Son günlərin ən diqqətçəkən və gözlənilməz hadisəsi müharibənin Aralıq dənizi hövzəsinə sıçraması olub. Noyabrın 22-də Ukrayna qüvvələri Liviyanın Benqazi limanı yaxınlığında Rusiya donanmasına məxsus "Merkuri" korvetinə və Rusiyanın hərbi yük gəmisinə dəniz dronları ilə zərbələr endirib.
Hərbi ekspert Əfraim Təhməzov mövzu ilə bildirib ki, son 3 gündə baş verən hadisələr müharibənin artıq klassik quru və hava əməliyyatları çərçivəsindən çıxaraq qlobal logistika, asimmetrik dəniz müharibəsi və uzaqmənzilli zərbələr müstəvisinə keçdiyini təsdiqləyir:
"Ukrayna ordusunun Aralıq dənizində — Liviya sahillərində və eyni zamanda Baltik dənizi akvatoriyasında Rusiya gəmilərini hədəfə alması hərbi-strateji baxımdan ciddi dönüş nöqtəsidir. Bu əməliyyatlar göstərir ki, Kiyev artıq təkcə öz sərhədləri daxilində müdafiə olunmaqla kifayətlənmir, həm də Rusiyanın dünya okeanındakı hərbi təchizat marşrutlarını, Yaxın Şərq və Afrikadakı logistika xətlərini, eləcə də "kölgə donanması"nı iflic etmək gücünə çatıb. Xüsusilə Perm diyarı kimi cəbhədən minlərlə kilometr uzaqlıqda yerləşən sənaye mərkəzinə onlarla dronla zərbə endirilməsi Rusiyanın hava hücumundan müdafiə sistemlərinin nəhəng əraziləri eyni anda qorumaqda ciddi boşluqlarının olduğunu üzə çıxarır. Bu həm də Rusiya cəmiyyətinə və hərbi-sənaye kompleksinə 'təhlükəsiz arxa cəbhə anlayışı artıq yoxdur' mesajıdır.
Digər tərəfdən, Moskvanın buna cavab olaraq Ukraynanın enerji və nəqliyyat infrastrukturuna kütləvi zərbələr endirməsi gözlənilən taktika idi. Qış mövsümünün başlaması ilə Rusiya Donbasdakı ağır və ləng gedən mövqe döyüşlərində əldə edə bilmədiyi strateji üstünlüyü arxa cəbhədə xaos, qaranlıq və humanitar gərginlik yaratmaqla kompensasiya etməyə çalışır. Enerji yarımstansiyalarının və qaz nəqli sistemlərinin sıradan çıxarılması Ukraynanın həm mülki həyatını, həm də hərbi logistikasını və silah istehsalını dayandırmağa yönəlib. Zaporojye kimi cəbhəyanı şəhərlərin idarəolunan aviabombalarla intensiv atəşə tutulması isə mülki əhali arasında qorxu və psixoloji təzyiqi artırmaqla cəmiyyətin müqavimət əzmini qırmağa hesablanıb.
Eyni zamanda, Kursk istiqamətində Ukrayna bölmələrinin yenidən fəallaşması Kiyevin Rusiya ərazisindəki bufer zona kartını əldən vermək istəmədiyini göstərir. Kreml öz ərazisindəki bu təhlükəni tam aradan qaldırmadan cəbhənin digər istiqamətlərində həlledici hücuma keçməkdə çətinlik çəkir. Moldova hava məkanının pozulması və sərhəd gərginlikləri isə Moskvanın Qərbə və region ölkələrinə qarşı hibrid təzyiq alətlərindən hələ də aktiv şəkildə istifadə etdiyini nümayiş etdirir.
Hazırda həm quru cəbhəsində, həm də uzaq dəniz akvatoriyalarında müşahidə olunan bu yüksək intensivlik tərəflərin mümkün diplomatik danışıqlar ərəfəsində əllərindəki bütün kozırları işə salmasından xəbər verir. ABŞ-da yeni sülh təşəbbüslərinin müzakirə olunduğu bir vaxtda nə Kiyev, nə də Moskva danışıqlar masasına zəif tərəf kimi oturmaq istəyir. Bu səbəbdən yaxın həftələrdə diplomatik bəyanatların fonunda həm dəniz yollarında, həm də enerji infrastrukturu üzərində qarşılıqlı zərbələrin daha da kəskinləşəcəyini və müharibənin yeni, daha sərt mərhələyə keçəcəyini proqnozlaşdırmaq olar". /Musavat.com