Jurnalist Elyar İslamoğlu Bakıda nəqliyyat sıxlığını və kütləvi tədbirlər zamanı şəhər sakinlərinin üzləşdiyi çətinlikləri tənqid edib.
O, sosial şəbəkə hesabında etdiyi paylaşımda paytaxtda keçirilən kütləvi tədbirlərin şəhər nəqliyyatına ciddi təsir göstərdiyini və bunun nəticəsində sakinlərin saatlarla tıxacda qalmağa məcbur olduğunu bildirib.
Jurnalistin sözlərinə görə, bu gün də yağışlı hava şəraitində işdən çıxan insanlar evlərinə çatmaq üçün uzun müddət yollarda qalıblar. O, özünün də evə çatmasının 3 saat çəkdiyini vurğulayıb.
Elyar İslamoğlu hesab edir ki, Bakıda yaranan nəqliyyat probleminin əsas səbəblərindən biri ölkə üzrə iqtisadi imkanların və iş yerlərinin paytaxtda cəmləşməsidir. Regionlarda işsizlik və sosial şəraitlə bağlı problemlər əhalinin Bakıya axınını artırır. Bu isə şəhərin mövcud nəqliyyat infrastrukturuna əlavə yük yaradır.
Jurnalist hesab edir ki, kütləvi tədbirlər şəhərin nəqliyyat sistemini iflic vəziyyətinə salmamalıdır. Onun fikrincə, belə tədbirlərin keçirilməsi üçün paytaxtdan kənarda xüsusi ərazilər ayrılmalı, eyni zamanda regionlarda iş imkanları və normal yaşayış şəraiti yaradılmalıdır.
O, Bakının həddindən artıq mərkəzləşməsinin qarşısının alınmasının vacibliyini diqqətə çatdırıb.
Elyar İslamoğlunun fikrincə, şəhər sakinləri iştirak etmədikləri tədbirlərin yaratdığı nəqliyyat probleminin əziyyətini çəkməməlidirlər.
News365.az