Bu ölkədə təhlükəsizlik əməkdaşı öldürüldü

Bu ölkədə  təhlükəsizlik əməkdaşı öldürüldü
14:36

İordaniyada paytaxt Əmmanda təhlükəsizlik əməkdaşının ölümü ilə nəticələnən hücumu törətməkdə təqsirləndirilən şəxs barəsində ölüm hökmü çıxarılıb.

News365.az xəbər verir ki, qərar çərşənbə günü İordaniyanın Dövlət Təhlükəsizliyi Məhkəməsi tərəfindən qəbul edilib. Bu barədə ölkənin Silahlı Qüvvələrinin yaydığı bəyanatda bildirilib.

Hadisə noyabrın 5-də Şri-Lankanın Əmmandakı səfirliyinin yaxınlığında baş verib. Təhlükəsizlik əməkdaşı bıçaqlı hücum nəticəsində həyatını itirib. Bu hadisədən iki həftədən də az əvvəl ölkənin cənubundakı Kərək əyalətində yerləşən kilsədə silahlı hücum qeydə alınıb. Hər iki hadisə ABŞ-ın regiondakı müttəfiqi olan və nisbətən sabit ölkə kimi tanınan İordaniyada nadir rast gəlinən hücumlardır.

Məhkəmə təqsirləndirilən şəxsi ölümlə nəticələnən terror aktları törətməkdə və terror məqsədilə silah saxlamaqda təqsirli bilib.

Bununla belə, çıxarılan hökm hələ yekun xarakter daşımır. Qərardan apellyasiya şikayəti verilə bilər və hökm avtomatik olaraq Kassasiya Məhkəməsinin yoxlamasından keçməlidir.

Qeyd edək ki, bu ayın əvvəlində İordaniyada kilsəyə hücumla bağlı daha üç nəfər barəsində də ölüm hökmü çıxarılıb. Oktyabrın 23-də Həmud kəndində yerləşən yunan pravoslav kilsəsində dəfn mərasimi zamanı silahlı şəxslər atəş açıblar. Nəticədə 9 nəfər ölüb, 34 nəfər yaralanıb.

Həmin hücumdan sonra İordaniya kralı II Abdullah təhlükəsizlik qüvvələrinə hadisələrə qarşı "dəmir yumruqla" mübarizə aparmaq barədə göstəriş verib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada