"Media yalnız informasiya vermir, həm də danışmağı öyrədir"

"Media yalnız informasiya vermir, həm də danışmağı öyrədir"
14:18

"Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi yalnız dilçilərin deyil, hamının, xüsusilə də media nümayəndələrinin məsuliyyətidir. Çünki medianın özü, böyük ölçüdə, dil hadisəsidir".

Bunu Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosenti Könül Niftəliyeva deyib:

O bildirib ki, media dilin həm informasiya daşıyıcısı, həm də ünsiyyət və dil mədəniyyətinin formalaşdırılması vasitəsidir.

"Hər gün milyonlarla insanın dil mühitinə təsir göstərdiyi bir şəraitdə jurnalistlərin söz seçimində, ifadə tərzində, terminlərdən istifadədə ədəbi dilin normalarına həssas yanaşmaları son dərəcə vacibdir.

Rəqəmsal kommunikasiya və qloballaşma şəraitində dilimizə başqa dillərdən söz axını təbii prosesdir. Belə bir durumda bütün alınma sözlərdən imtina mümkünsüzdür. Amma onlara yalnız ehtiyac yarandıqda müraciət edilməli, Azərbaycan dilində qarşılığı olan sözlərə, bir sözlə, dilimizin ifadə imkanlarından istifadəyə üstünlük verilməlidir.

Nəzərə almaq lazımdır ki, yeni terminlərin Azərbaycan dilində qarşılığının yaradılması və onların gündəlik ictimai dövriyyəyə üçün təqdim olunması dil mütəxəssisləri ilə yanaşı, medianın da üzərinə düşən mühüm vəzifələrdəndir.

Onu da nəzərə alaq ki, media yalnız informasiya vermir, həm də cəmiyyətə necə danışmağı öyrədir. Bu səbəbdən jurnalistin nitq mədəniyyəti, düzgün tələffüzü, zəngin söz ehtiyatı və məsuliyyətli söz seçimi müstəsna əhəmiyyət daşıyır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev yerli telekanallara müsahibəsində dilimizi yad sözlərdən, lazımsız alınmalardan qorumaq üçün ədəbi-ictimai zümrəyə və o cümlədən jurnalistlərə, media nümayəndələrinə müraciət etdi, bu istiqamətdə, bir növ, səfərbərlik çağırışı səsləndirdi. Dövlətimizin başçısının çağırışını rəhbər tutaraq fəaliyyətimizi gücləndirməliyik".


Sizin reklam burada
Sizin reklam burada