Almaniya ilə əməkdaşlığın dərinləşməsi Azərbaycanın maraqlarına uyğundur

Almaniya ilə əməkdaşlığın dərinləşməsi Azərbaycanın maraqlarına uyğundur
19:00

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Bakı-Berlin münasibətlərinin inkişafı və Azərbaycanın xarici siyasət prioritetləri baxımından diqqət çəkən hadisə kimi qiymətləndirilir.

Bu fikirləri politoloq Turan Rzayev News365.az-a açıqlamasında bildirib.


Onun sözlərinə görə, Prezident İlham Əliyevin iyulun 20-də Almaniyaya rəsmi səfəri və iyulun 21-də Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə keçirdiyi görüş iki ölkə arasında münasibətlərin strateji əhəmiyyətini bir daha nümayiş etdirir.

Politoloq qeyd edib ki, son illər Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi, diplomatik və ticarət əlaqələri sürətlə inkişaf edir.

"Rəsmi Berlin ilə Bakı arasında münasibətlər müsbət dinamikaya malikdir. Azərbaycan Almaniyanın Avropa üçün əhəmiyyətini yaxşı başa düşür. Eyni zamanda Almaniya da Azərbaycanı etibarlı tərəfdaş və Avropanın enerji təhlükəsizliyində mühüm iştirakçı kimi qiymətləndirir", – deyə o bildirib.

Turan Rzayev Prezident İlham Əliyevin Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşünün də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

"Bu görüşdə Azərbaycan və Almaniya şirkətləri arasında əməkdaşlığa marağın artdığı, birgə fəaliyyətin institusionallaşdırılması yollarının müzakirə edilməsi onu göstərir ki, Bakı bu cür təmasları həm yeni investisiyaların cəlb edilməsi, həm də iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkan hesab edir. Alman şirkətləri dünyanın ən nüfuzlu və ixtisaslaşmış şirkətləri sırasındadır. Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpası, həmçinin yeni enerji layihələrinin həyata keçirilməsi istiqamətində Almaniya ilə əməkdaşlıqda maraqlıdır", – politoloq bildirib.

Ekspertin sözlərinə görə, tərəflər arasında alternativ və ənənəvi energetika, Orta Dəhliz, nəqliyyat və logistika sahələrində əməkdaşlıq imkanları da müzakirə olunub.

"Azərbaycan alternativ enerji layihələrini inkişaf etdirsə də, ənənəvi enerji resursları baxımından da Avropa üçün mühüm tərəfdaşdır. Bakı Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni artırmaq, xüsusilə Azərbaycan nefti və qazının Almaniyaya qədər çatdırılması istiqamətində Berlinin dəstəyini əldə etmək niyyətindədir. Almaniyanın inkişaf edən sənayesinin enerji tələbatı bu əməkdaşlığı daha da aktuallaşdırır", – deyə o qeyd edib.

Politoloq hesab edir ki, Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşündə siyasi və diplomatik münasibətlərin gələcək inkişaf perspektivləri də əsas müzakirə mövzularından biri olub.

"Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə davam edən gərginlik fonunda Almaniya müdafiə və təhlükəsizlik siyasətinə daha çox diqqət ayırır. Belə bir şəraitdə Azərbaycanın Avropanın aparıcı dövlətlərindən biri ilə əməkdaşlığını genişləndirməsi gələcək geosiyasi konfiqurasiyalar baxımından mühüm əhəmiyyət daşıyır", – deyə o bildirib.

Turan Rzayev vurğulayıb ki, Azərbaycan hazırkı beynəlxalq şəraitdə balanslaşdırılmış xarici siyasət kursunu davam etdirir.

"Bakı həm böyük güclərin fəaliyyətini diqqətlə izləyir, həm də praqmatik və çoxşaxəli xarici siyasət həyata keçirir. Almaniya kimi Avropa siyasətində mühüm çəkiyə malik dövlətlə münasibətlərin dərinləşdirilməsi Azərbaycanın uzaqgörən xarici siyasət strategiyasının tərkib hissəsidir", – deyə politoloq əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada