Həyat dövrünü geriyə çevirərək yenidən cavanlaşa bilən “ölümsüz meduza” elmi ictimaiyyətin diqqət mərkəzindədir. Tədqiqatçılar bu canlının hüceyrələri yenidən proqramlaşdırma mexanizminin sirlərini açaraq insanlarda yaşlanma ilə əlaqəli xəstəliklərin müalicəsi və toxumaların bərpası üçün yeni üsullar tapmağı hədəfləyirlər.
Turritopsis dohrnii adlanan kiçik və şəffaf meduzanı öldürmək gözlənildiyindən daha çətindir.
ABŞ-ın Texas A&M Universitetinin Galveston kampusunda çalışan dəniz bioloqu Maria Miglietta bu canlıları kəsib, qaynadıb, ac saxlayıb, olduqları akvariumlara həddindən artıq duz əlavə edib, hətta onları şirin suya buraxıb.
Lakin bu qeyri-adi canlılar hər dəfə ölümdən xilas olmağı bacarırmış kimi görünür. Güclü stressə məruz qaldıqda hərəkətsizləşir və akvariumun dibinə çökürlər.
Bundan sonra isə təəccüblü çevrilmə baş verir: Yetkin meduzanın çətir formasında, qollu görünüşü tamamilə dəyişir və hüceyrə yığınlarından ibarət quruluşa çevrilir.
Bir-üç gün ərzində həmin hüceyrə yığınından meduzanın həyat dövrünün ilkin mərhələlərindən biri olan polip yaranır.
Polip böyüyərək yeni yetkin meduzaların əmələ gələcəyi koloniya formalaşdırır.
Migliettanın sözlərinə görə, ölməyən bir meduzadan yüzlərlə yeni meduza yarada biləcək koloniya əldə etmək mümkündür.
Üstəlik, yaranan hər yeni meduza da eyni cavanlaşma prosesini təkrarlaya bilər. Beləliklə, bu canlılar bioloji saatlarını dəfələrlə geriyə çevirirmiş kimi görünürlər.
BBC-nin məlumatına görə, Miglietta və digər alimlər Turritopsis dohrnii növünün ölümdən yayınmasına imkan verən genetik və molekulyar prosesləri araşdırırlar. Məqsəd bu mexanizmlərin sirlərini açaraq insanlarda da oxşar proseslərin işə salınıb-salınmayacağını müəyyənləşdirməkdir.
Burada məqsəd yaşlı insanları “Benjamin Button” filmindəki kimi yenidən körpəyə çevirmək deyil. Tədqiqatçılar elmi fantastika çərçivəsində qalan bu ideyadan fərqli olaraq, yaraların sağalması və yaşlanma ilə əlaqəli xəstəliklərin müalicəsi üçün hüceyrə və toxumaları daha gənc vəziyyətə qaytarmağın yollarını axtarırlar.
Cons Hopkins Universitetində uşaq onkoloqu və həkim-alim kimi çalışan Michael Koldobskiy hesab edir ki, bu sahənin ən böyük hədəflərindən biri bərpaedici biologiya ola bilər. Onun sözlərinə görə, əsas məqsəd yaşlanma ilə bağlı pozulmaları və orqanizmdə yaranan aşınmanı geri çevirməyə çalışmaqdır.
Koldobskiy bu mexanizmlərin insan sağlamlığı üçün tətbiq edilməsinin hələ çox uzaq hədəf olduğunu bildirir.
Bununla belə, milyonlarla il ərzində belə prosesləri inkişaf etdirmiş canlıların öyrənilməsinin gələcəkdə mühüm nəticələr verə biləcəyini vurğulayır.
Turritopsis dohrnii növünün yenilənmə qabiliyyəti ilk dəfə 1992-ci ildə, bu canlıları laboratoriyada araşdıran italiyalı alim tərəfindən aşkarlanıb. Tədqiqatçı bir həftəsonu meduzaları qidalandırmağı unudub. Geri qayıdanda ölü canlılarla qarşılaşacağını gözləyib.
Lakin Migliettanın sözlərinə görə, qabın içində yeni poliplər tapılıb.
Qısa müddət sonra İtaliyanın Salento Universitetinin bioloqu Stefano Piraino bu qeyri-adi cavanlaşma qabiliyyətinin arxasında dayanan mexanizmi araşdırmağa başlayıb.
Embrionlar inkişaf edərkən kök hüceyrələr çoxalır və sinir, əzələ, eləcə də orqanizmi təşkil edən digər hüceyrə növlərinə çevrilir.
Normal şəraitdə bu hüceyrələr müəyyən bir növə çevrildikdən sonra öz kimliyini qoruyur, zamanla qocalır və ölür.
Lakin Piraino ölümsüz meduzanın cavanlaşma prosesi zamanı yetkin mərhələdəki bəzi toxumaların “transdiferensiasiya” adlanan prosesdən keçdiyini müəyyən edib.
Bu proses zamanı hüceyrələr yenidən kök hüceyrəyə bənzər vəziyyətə qayıdır və daha sonra fərqli hüceyrə növlərinə çevrilə bilir.
Bu mexanizm meduzanın həyat dövrünü geriyə çevirə bilməsinin əsasını təşkil edən mühüm bioloji proseslərdən biri hesab olunur.