Bakıda Vətən müharibəsində qazanılan tarixi Zəfərin 6-cı ildönümünə həsr olunmuş ənənəvi “Qələbə qaçışı”na start verilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İştirakçılar Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yaxınlığından start götürərək 10 kilometr məsafə qət edəcəklər.
Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən yarış bu il də “Qürurla irəli” şüarı altında təşkil olunur.
Altıncı dəfə baş tutan “Qələbə qaçışı” bu il rekord sayda iştirakçını bir araya gətirib. Yarışda 2000-ə yaxın şəxs iştirak edir.
Finişə ilk çatan iştirakçılar mükafatlandırılacaqlar. Qaçış başa çatdıqdan sonra iştirakçıları və qonaqları konsert proqramı gözləyir. Proqram çərçivəsində Xalq artisti Röya, Murad Arif və digər tanınmış ifaçılar çıxış edəcəklər.
Qeyd edək ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən hər il keçirilir.