Rezai: İran olmadan regionda təhlükəsizliyin təmin edilməsi mümkün deyil

Rezai: İran olmadan regionda təhlükəsizliyin təmin edilməsi mümkün deyil
31 Okt 2026 23:40

İranın iştirakı olmadan regionda təhlükəsizliyin təmin edilməsi mümkün deyil.

News365.az xəbər verir ki, bunu İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsün Rezai dövlət televiziyasına müsahibəsində bildirib.

O, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın yüksək vəzifəli rəsmilərinin iştirakı ilə Tehranda keçirilən dördtərəfli görüşə toxunaraq müzakirələrin regionda yeni təhlükəsizlik sisteminin formalaşdırılmasına həsr olunduğunu qeyd edib.

Rezai sözlərinə görə, görüşdə iştirak edən dörd ölkə İsrailə qarşı qəti mövqe nümayiş etdirib və bu formatda təmasların davam etdirilməsi barədə razılığa gəlib.

“Ümid edirəm ki, bu görüş Qərbi Asiyada yeni regional nizamın formalaşmasının və regionun təhlükəsizliyinə görə məsuliyyətin bölgə ölkələrinin öz üzərinə götürməsinin başlanğıcı olacaq”, – o bildirib.

İran rəsmisi qeyd edib ki, görüşdə regional birliyin gücləndirilməsi və xarici qüvvələrdən asılı olmayan təhlükəsizlik mexanizminin yaradılması məsələləri də müzakirə olunub.

“İran NATO-nun 5 min uçuşuna qarşı dayana bilibsə, dörd ölkənin birlikdə nə qədər böyük gücə malik olacağı şübhəsizdir”, – Rezai iddia edib.

O, ABŞ ilə diplomatik təmaslara da münasibət bildirib. Rezai sözlərinə görə, Tehran müharibənin elə şərtlərlə başa çatmasına çalışır ki, gələcəkdə heç bir dövlət İrana hücum etməyə cəsarət etməsin.

İran rəsmisi İslamabad razılaşması ilə Tehranın irəli sürdüyü yeddi bəndlik şərtlər arasındakı fərqlərə də aydınlıq gətirib. O bildirib ki, əvvəlki razılaşmada Hörmüz boğazının idarə olunması və ödənişlərin toplanması ilə bağlı qeyri-müəyyənliklər mövcud olub, yeni şərtlərdə isə həmin məsələlər dəqiqləşdirilib.

Rezai, həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossini sərt tənqid edərək onu İsrailin maraqlarına xidmət etməkdə ittiham edib.

O iddia edib ki, İranın nüvə obyektləri beynəlxalq səviyyədə ən çox yoxlanılan obyektlər sırasındadır və ölkənin nüvə proqramının hərbi məqsədlərə yönəldilməsinə dair hər hansı yayınma aşkar edilməyib.


Sizin reklam burada
Sizin reklam burada