Gürcüstanın paytaxtı Tiflisidə "ART Riverfront Hotel" in rəsmi açılış mərasimi keçirilib. Musavat.com "Qruziya online" istinadən xəbər verir ki, açılış mərasimində Gürcüstanın baş naziri İrakli Kobaxidze, Azərbaycanın baş naziri Əli Əsədov və Tiflis meri Kaxa Kaladze iştirak ediblər. Hökumət başçıları hotelə baxış keçirib, layihənin imkanları və investisiya detalları ilə tanış olublar. Hotelin baş meneceri qonaqlara kompleks haqqında ətraflı məlumat verib.
Azərbaycan investisiyası ilə inşa edilən hotel 68 milyon ABŞ dollarına inşas edilib. Yəni hotelin sahibi Azərbaycan dövlətidir. Hotel 152 qonaq otağını, restoran və digər iaşə məkanlarını, konfrans və iclas zallarını birləşdirir. Müasir memarlıq üslubunda inşa edilən kompleks Tiflisin mərkəzində, Kür çayının sahilində, Dodo Abaşidze küçəsi 17/4 ünvanında yerləşir. "ART Riverfront Hotel"in developeri Azərbaycanın "PASHA Real Estate Group" şirkətidir. Bu qurum "PASHA Holding"in daşınmaz əmlak istiqamətində fəaliyyət göstərən strukturudur. Hotelin idarəçiliyi isə Azərbaycanın hotelçilik sektorunda tanınan "Absheron Hotel Group"a həvalə olunub.
Hotelin memarlıq konsepsiyası Gürcüstanın tanınmış "Khmaladze Architects" şirkəti tərəfindən hazırlanıb. Kompleks yalnız qonaqların yerləşdirilməsi üçün nəzərdə tutulan ənənəvi hotel deyil. Burada müasir memarlıq, incəsənət və qonaqpərvərlik konsepsiyaları birləşdirilib. Hotelin interyerində xüsusi sifarişlə hazırlanmış sənət əsərləri, rəsm və instalyasiyalar, eləcə də gürcü heykəltəraş Erekle Tsuladzenin heykəlləri nümayiş etdirilir. İncəsənət istiqamətinin formalaşdırılmasında Gamrekeli Gallery ilə əməkdaşlıq edilib. Bununla ART Riverfront özünü həm də müasir incəsənət nümunələrinin təqdim olunduğu məkan kimi mövqeləndirir.
Qeyd edək ki, Azərbaycan investisiyalarının Gürcüstan iqtisadiyyatında ümumi həcminin 4 milyard dollara yaxınlaşdığı bildirilir. "News Georgia" nəşrinin yaydığı məlumata görə, 2025-ci ildə Azərbaycanın Gürcüstana birbaşa investisiyaları təxminən 214 milyon dollar təşkil edib. Bu göstərici ilə Azərbaycan Gürcüstana investisiya yatıran ölkələr sırasında Böyük Britaniyadan sonra ikinci yerdə qərarlaşıb. 2026-cı ilin ilk yarısında isə Azərbaycan investisiyalarının həcmi 45,3 milyon dollar olub. İki ölkə arasında iqtisadi əlaqələrin miqyası ticarət göstəricilərində də özünü göstərir. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 1 milyard 109 milyon dollara çatıb.
Bu baxımdan, "ART Riverfront Hotel"in açılması Azərbaycan kapitalının Gürcüstanda yalnız enerji, nəqliyyat və ticarət sahələrində deyil, turizm, daşınmaz əmlak və xidmət sektorunda da mövqeləndiyini göstərir.