BMT-nin Yəməndəki İnsan Hüquqları üzrə Ali Komissarlığının idarəsinin əməkdaşı Məhəmməd əş-Şami husilər tərəfindən həbsdə saxlanıldığı müddətdə vəfat edib.
Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk rəsmi bəyanatla çıxış edib.
Onun sözlərinə görə, əş-Şami 2024-cü il iyunun 6-da qanunsuz olaraq saxlanılıb. Məhumun ailəsi onun ölüm xəbərini yalnız bir aydan çox vaxt keçdikdən sonra öyrənə bilib, lakin ölümün səbəbləri və təfərrüatları barədə onlara heç bir məlumat verilməyib.
Folker Türk hadisə ilə bağlı müstəqil araşdırmanın aparılmasını, həmçinin husilər tərəfindən girov saxlanılan BMT-nin digər əməkdaşlarının, humanitar işçilərin və mülki cəmiyyət nümayəndələrinin dərhal azad olunmasını tələb edib. Yəmən Baş nazirinin verdiyi məlumata görə, hazırda 70-dən çox BMT əməkdaşı və onlarca humanitar təşkilat nümayəndəsi husilərin nəzarətindəki həbsxanalarda saxlanılır.