Nigaha daxil olan iki cütlükdən biri az sonra ayrılır: Ailə institutunu nə təhdid edir?
Keçmişdən bu günə qədər hər bir cəmiyyətdə evliliklə yanaşı, boşanma hallarına da rast gəlinir. Cəmiyyətin ən kiçik və mühüm özəyi sayılan ailə birliyinin pozulması yalnız fərdi deyil, həm də dərin sosial məsələdir. Çünki ailə institutu fərdin sosial həyata hazırlanmasında və cəmiyyətin davamlılığının təmin edilməsində əvəzsiz rol oynayır.
Məsələ ilə bağlı News365.az-a açıqlama verən "Hüquqi-Sosial Yardım və Maarifləndirmə" İctimai Birliyinin sədri Fariz Əkbərov bildirib ki, evlilik qadın və kişini hüquqi müstəvidə ər-arvad kimi bağlayan, doğulacaq uşaqlara müəyyən status verən və dövlət nəzarətində olan bir münasibətlər sistemidir.

Fariz Əkbərovun sözlərinə görə, aparılan təhlillər ölkədə ailə bağlarının qopmasına təsir edən bir sıra əsas amilləri üzə çıxarıb:
Emosional və psixoloji uyğunsuzluq: Tərəflər arasında sevgi və qarşılıqlı anlaşmanın olmaması, xarakter və düşüncə fərqlilikləri, inamsızlıq və xəyanət;
Maddi və sosial çətinliklər: İqtisadi problemlər, iş həyatı və uşaq baxımı ilə bağlı gözləntilərin qarşılanmaması nəticəsində yaranan xroniki stress;
Kənar müdaxilələr: Üçüncü şəxslərin ailə daxili münasibətlərə müdaxilə etməsi;
Erkən nikah və təhsil: Erkən yaşda ailə qurmaq və təhsil səviyyəsinin aşağı olması.
Qurum sədri vurgulayıb ki, boşanma ailə üzvlərinin rollarında kəskin dəyişikliklərə və ciddi psixoloji böhrana gətirib çıxarır:
"Ayrılıqdan sonra həm qadınların, həm də kişilərin həyatında tənhalıq hissi, psixi gərginlik, ailə və ətraf mühitin təzyiqi, mənzil və maddi sıxıntılar yaranır. Eyni zamanda, qəyyumluq verilmədiyi halda uşaq həsrəti və gündəlik qayğıların idarə olunmasında ciddi problemlər ortaya çıxır."
Boşanmanın yalnız emosional deyil, həm də ciddi hüquqi proses olduğunu xatırladan F. Əkbərov əlavə edib ki, Azərbaycanda boşanan tərəflərin böyük qismi öz hüquqlarını kifayət qədər bilmir. Bu səbəbdən tərəflər proses zamanı əmlak, aliment, valideynlik hüquqları və şəxsi maraqlar baxımından böyük itkilərlə üzləşirlər.
Yekunda qeyd olunub ki, evliliklə əldə edilən hüquqi haqq və məsuliyyətlərin boşanma zamanı anidən ləğv olunması şəxsin həyatının bir çox sahəsində emosional çöküşə və sosial adaptasiya çətinliklərinə zəmin yaradır.