ABŞ İranı təzyiqlə kapitulyasiyaya məcbur etməyə çalışır

ABŞ İranı təzyiqlə kapitulyasiyaya məcbur etməyə çalışır
10:05

ABŞ və İran arasında mövcud gərginlik fonunda atəşkəsin gələcəyi qeyri-müəyyən olaraq qalır. Ekspertlər hesab edir ki, hazırkı şəraitdə tərəflər arasında real sülh perspektivindən danışmaq çətindir.

News365.az xəbər verir ki, politoloq Aydın Quliyev mövzu ilə bağlı açıqlamasında bildirib ki, atəşkəsin konkret şərtləri və hüquqi əsasları hələ müəyyən edilməyib. 


Onun sözlərinə görə, ortada tərəflər arasında imzalanmış hər hansı rəsmi sənəd yoxdur və proses yalnız şifahi bəyanatlar səviyyəsində qalır.

Ekspert qeyd edib ki, tərəflər bir tərəfdən danışıqlardan danışsa da, digər tərəfdən qarşılıqlı hədələr davam edir. ABŞ prezidenti Donald Trump müxtəlif çıxışlarında həm sərt mesajlar verir, həm də danışıqların bərpasından söz açır. İran tərəfi isə hələlik danışıqların növbəti mərhələsi ilə bağlı konkret mövqe ortaya qoymayıb.

Politoloqun fikrincə, Pakistan tərəfindən səsləndirilən vasitəçilik təşəbbüsü daha çox xoş niyyət göstəricisidir və real razılaşma üçün kifayət deyil. O vurğulayıb ki, hazırda proses ziddiyyətlərlə doludur və tərəflər arasında etimad mühiti formalaşmayıb.

Aydın Quliyev əlavə edib ki, ABŞ bir tərəfdən danışıqlara çağırsa da, digər tərəfdən Hörmüz boğazı ilə bağlı təzyiqlərini davam etdirir. Eyni zamanda Livanda da gərginliyin azaldılması istiqamətində real addımlar atılmır.

Ekspertin qənaətinə görə, bütün bu addımlar İranı hərbi və siyasi təzyiq altında danışıqlar masasına gətirmək və onu güzəştə məcbur etmək məqsədi daşıyır. O bildirib ki, müharibənin taleyi məhz gələcəkdə imzalanacaq mümkün razılaşmaların məzmunundan asılı olacaq.


Sizin reklam burada
Sizin reklam burada