Putin Azərbaycanın dəstəyini yüksək qiymətləndirib

Putin Azərbaycanın dəstəyini yüksək qiymətləndirib
13:24

Millət vəkili Naqif Həmzəyev hesab edir ki, Azərbaycan hər zaman humanitar məsələlərdə prinsipial və məsuliyyətli mövqe nümayiş etdirib və bu siyasət regionda ölkənin nüfuzunu daha da artırıb.

O, News365.az-a açıqlamasında bildirib ki, Azərbaycan qonşu dövlətlərə qarşı daim humanitar yanaşma sərgiləyib və ehtiyac yaranan hallarda yardım göstərməkdən çəkinməyib.

Deputatın sözlərinə görə, İranla bağlı yaranmış vəziyyətdə də Azərbaycan ilk humanitar yardım göndərən ölkələrdən biri olub. O qeyd edib ki, proses zamanı müəyyən narazılıqlar və anlaşılmazlıqlar yaransa da, sonradan qarşılıqlı dialoq nəticəsində bu məsələlər aradan qaldırılıb.

"Azərbaycan Rusiyanın humanitar yüklərinin İrana çatdırılmasına da şərait yaradıb. Bununla yanaşı, prosesə dəstək göstərib və humanitar təşəbbüslərin həyata keçirilməsinə mane olmayıb. Bu addımlar Rusiyanın diqqətindən yayınmayıb və Prezident Vladimir Putin də bunu açıq şəkildə qeyd edərək Azərbaycana təşəkkür edib", - deyə N.Həmzəyev bildirib.

Deputat vurğulayıb ki, regionda baş verən proseslər fonunda Rusiya Azərbaycanla münasibətlərin əhəmiyyətini daha yaxşı anlayır:

"Ermənistanla münasibətlərin gərginləşdiyi bir dövrdə Moskva Azərbaycanı da itirmək istəmir. Azərbaycan regionun əsas siyasi və iqtisadi güclərindən birinə çevrilib və bu reallıq artıq beynəlxalq səviyyədə qəbul olunur".

Millət vəkilinin fikrincə, Rusiya-Azərbaycan münasibətlərinin qorunub saxlanılması hər iki tərəfin maraqlarına cavab verir və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi regionda sabitlik baxımından mühüm əhəmiyyət daşıyır.


Sizin reklam burada
Sizin reklam burada