7 iyuldan bəri İranın ABŞ bazalarına zərbələri nəticəsində yaralanan 100-dən artıq əsgərin, demək olar ki, hamısı artıq xidmətə qayıdıb.
News365.az xarici mediaya istinadla xəbər verir ki, əsgərlərin əksəriyyəti yüngül beyin silkələnməsi alıb.
Bildiriir ki, son 14 gündə İran İordaniya, Küveyt, Bəhreyn və regionun digər ölkələrindəki Amerika obyektlərinə hücum edib. Tehran bu hücumları ABŞ-nin İran hədəflərinə davam edən hücumlarına görə qisas adlandırıb.
Son günlərdə Pentaqon İordaniyadakı bazada iki ABŞ əsgərinin ölümü barədə məlumat verib. Daha sonra hərbçilər itkin düşmüş üçüncü əsgərin qalıqlarını aşkar ediblər.
İraqda Irana məxsus partlamamış kamikadze dronun idarə olunaraq partladılması zamanı başqa bir əsgər həlak olub.
Donald Tramp əsgərlərinin ölümünə görə qisas alacağına söz verib.
ABŞ prezidenti bildirib ki, İran hər dəfə bir Amerika əsgərini öldürdükdə, bunun əvəzini dəfələrlə ödəyəcək.
İran mediasının məlumatına görə, SEPAH qüvvələri yenidən Bəhreyn və Küveytdəki Amerika bazalarına hücum edib. İran radarları və “Patriot” raket sistemlərini məhv etdiyini iddia edib.
ABŞ Mərkəzi Komandanlığı da İran hədəflərinə edilən hücumlar barədə məlumat verib. ABŞ ordusu bildirib ki, "İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə hücumları davam etdirmək qabiliyyətini zəiflətmək məqsədilə İranın hərbi komandanlıq mərkəzlərinə, dəniz qüvvələrinə, raket və pilotsuz təyyarə buraxılış sistemlərinə və hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib".
Axios-a görə, Qətər, Misir, Pakistan və digər vasitəçilər on günlük atəşkəs təklif ediblər. Bu təklif Hörmüz boğazından gəmiçiliyin bərpasına yol açmaq məqsədi daşıyır.
ABŞ və İsrail rəsmiləri başqa bir variantı nəzərdən keçirirlər. Bu, Tehranı təslim olmağa məcbur etmək üçün İrana qarşı genişmiqyaslı birgə kampaniyanı əhatə edir.