Kabardin-Balkar Respublikasının Bezengi dərəsində qar uçqunu düşən ərazidə axtarış-xilasetmə əməliyyatı başa çatıb.
News365.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Elbrus yüksək dağlıq axtarış-xilasetmə dəstəsindən bildirilib.
"Mürəkkəb axtarış-xilasetmə işlərinin yeddinci günündə Mijirgi buzlağında qar uçqunu altından bütün 17 nəfərin meyiti tapılaraq çıxarılıb. Meyitlər Nalçik şəhərinə çatdırılıb", - məlumatda deyilir.
Qeyd olunub ki, axtarış işlərinə müxtəlif regional qruplardan 71 xilasedici, həmçinin "Bezengi" alpinist düşərgəsinin təlimatçıları, könüllülər, həkimlər, yanğınsöndürənlər, aviasiya və "Rosqvardiya" cəlb edilib.
Xatırladaq ki, sentyabrın 6-da Kabardin-Balkarın Bezengi dərəsində Mijirgi dağından marşrut üzrə hərəkət edən 33 alpinistdən ibarət qrupun üzərinə uçqun düşüb. Onlardan altısı xəsarət alıb və xəstəxanaya yerləşdirilib, daha 10 nəfər isə müstəqil şəkildə aşağı enib. Qalanları həlak olub.
Hadisə ilə əlaqədar Rusiya İstintaq Komitəsinin istintaq orqanları tərəfindən səhlənkarlıqla bağlı cinayət işi araşdırılır.