Havalar soyuduqca qarderobda isti geyimlərə ehtiyac artır. Mağazalarda qalın paltolar, yun sviterlər və xəzli gödəkçələr arasında seçim etmək isə heç də həmişə asan olmur. Bəzən zahirən keyfiyyətli görünən geyimlər ilk soyuqlarda gözlənilən istiliyi vermir, bəziləri isə qısa müddətdə formasını itirir. Buna görə də qış geyimi alarkən yalnız görünüşə və qiymətə deyil, materialın tərkibinə, tikişlərə və digər detallara da diqqət yetirmək lazımdır.
Modelyer-dizayner Şəlalə Maqsudova qış geyimlərinin seçimində materialın keyfiyyətinin, istilik saxlama xüsusiyyətinin və davamlılığının əsas meyarlar olduğunu bildirib.
Onun sözlərinə görə, uzun müddət istifadə etmək üçün palto seçərkən yun, kaşmir və tvid kimi materiallara üstünlük vermək məqsədəuyğundur. Xüsusilə kaşmir yumşaqlığı, yüngüllüyü və istilik saxlamaq xüsusiyyəti ilə seçilir. Adi qoyun yunundan hazırlanan paltolar da soyuq havada bədəni isti saxlamağa kömək edir.
Dəri və zamşa geyimlər də qış mövsümündə seçimlər arasında yer alır. Modelyerin fikrincə, keyfiyyətli dəri paltolar küləyə və müəyyən dərəcədə nəmə qarşı davamlı olur. Düzgün qulluq edildikdə isə uzun illər istifadə edilə bilər.
Qış geyimləri seçilərkən ən çox müzakirə olunan məsələlərdən biri də təbii və süni xəz arasındakı fərqdir. Şəlalə Maqsudova bu materialların istilik saxlama, davamlılıq və hava keçirmə xüsusiyyətlərinə görə fərqləndiyini qeyd edib.
O bildirib ki, təbii xəz soyuq havada istiliyi yaxşı saxlaya bilər. Lakin onun keyfiyyətini qorumaq üçün düzgün qulluq vacibdir. Xüsusilə yağış və qar zamanı islanan təbii xəz xüsusi diqqət tələb edir.
Süni xəz isə sintetik liflərdən hazırlanır. Belə materialların istilik saxlama qabiliyyəti onların tərkibindən və hazırlanma texnologiyasından asılıdır. Bəzi süni xəz növləri havanı zəif keçirdiyindən bədəndə tərləmə yarada bilər. Digər tərəfdən, süni xəzli geyimlər də keyfiyyətli materialdan hazırlandıqda uzun müddət istifadə oluna bilər.
Qış geyimi alarkən yol verilən səhvlərdən biri də parçanın qalınlığını onun istilik saxlama qabiliyyəti ilə eyniləşdirməkdir. Halbuki geyimin isti saxlaması təkcə qalınlıqdan deyil, materialın xüsusiyyətlərindən, quruluşundan və qatların bir-birini tamamlamasından asılıdır.
Modelyer-dizaynerin sözlərinə görə, bəzi geyimlər həcmli görünsə də, istifadə olunan materialın keyfiyyəti aşağı olduqda soyuq havada kifayət qədər istilik verməyə bilər. Əksinə, nazik kaşmir və ya yun sviter bir çox qalın sintetik geyimdən daha yaxşı istilik saxlaya bilər.
Ş.Maqsudova alıcılara geyimin üzərindəki etiketə diqqət yetirməyi, parça tərkibini yoxlamağı və təbii liflərin olub-olmadığını öyrənməyi tövsiyə edib.
Qış geyiminin keyfiyyətini müəyyənləşdirən amillər yalnız xarici parça ilə məhdudlaşmır. Astarın keyfiyyəti, tikişlərin möhkəmliyi, düymələr, fermuarlar və digər aksesuarlar da geyimin istifadə müddətinə təsir göstərir.
Modelyer bildirib ki, xüsusilə ucuz geyimlərdə aksesuarlar zəif nöqtələrdən biri ola bilər. Buna görə də alış zamanı yalnız paltarın görünüşünü qiymətləndirmək kifayət etmir. Astarın səliqəli tikilməsinə, tikişlərin möhkəmliyinə və bağlayıcıların keyfiyyətinə də nəzər salmaq lazımdır.
Beləliklə, qış geyimi seçərkən düzgün qərar vermək üçün onun qiymətini və görünüşünü deyil, materialını, istilik saxlama xüsusiyyətini, tikişlərini və qulluq tələblərini birlikdə qiymətləndirmək vacibdir.
News365.az