Zəngəzur dəhlizinin istifadəyə verilməsindən sonra Naxçıvanda sahibkarlar üçün yeni güzəştlərin tətbiqi nəzərdən keçiriləcək.
Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib.
Deputat bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişikliklər edilib.
Dəyişikliklərə əsasən, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların quru yolu ilə ixracı üçün yeni imkanlar yaradacaq. Bu imkanlardan səmərəli istifadəni stimullaşdırmaq məqsədilə müxtəlif güzəştlərin tətbiqi məsələsinə ayrıca qiymətləndirmə aparılmaqla baxılacaq.
V.Bayramovun sözlərinə görə, dəhlizin fəaliyyətə başlamasından sonra Naxçıvanda sahibkarlara dəstək mexanizmlərinin daha da genişləndirilməsi nəzərdə tutulur.
O qeyd edib ki, güzəştlər Naxçıvanın əlverişli coğrafi mövqeyindən istifadə etməklə regionda istehsal olunan məhsulların həm xarici, həm də daxili bazarlara çıxışını sürətləndirməyə imkan verəcək. Bununla yanaşı, yerli məhsulların rəqabətqabiliyyətliliyinin artırılması və daşıma xərclərinin optimallaşdırılması məqsədilə sahibkarlara məqsədli logistik dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur.
Deputatın fikrincə, yeni dəstək və güzəşt mexanizmləri Naxçıvanın sosial-iqtisadi inkişafını sürətləndirə, iqtisadi fəallığın, məşğulluğun və ixracın artmasına, eləcə də yerli istehsalın iqtisadiyyatda rolunun güclənməsinə şərait yarada bilər.
“Bu, Naxçıvanın inkişafında yeni mərhələnin başlanması demək olacaq”, – deyə Vüqar Bayramov vurğulayıb.