Ermənistanın Rusiya ilə münasibətlərində növbəti mərhələnin necə olacağı İrəvanın siyasi bəyanatlarından daha çox, atacağı konkret addımlardan asılıdır. Moskvanın son həftələrdə Ermənistana intensiv səfərləri və müxtəlif sahələrdə aparılan müzakirələr tərəflər arasında münasibətlərin gələcəyinə dair müəyyən razılaşma axtarışlarının getdiyini göstərir.
Politoloq İlqar Vəlizadə bu barədə News365.az-a açıqlamasında danışıb.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin bəyanatları ilə real addımları arasında tez-tez ziddiyyətlər müşahidə olunur. Buna görə də İrəvanın Rusiya ilə münasibətlərdə hansı istiqaməti seçəcəyini indidən dəqiq söyləmək çətindir. Əsas diqqət siyasi açıqlamalara deyil, tərəflərin konkret addımlarına və regionda baş verən proseslərə yönəldilməlidir.
Politoloq qeyd edib ki, son həftələr ərzində Rusiyanın müxtəlif nümayəndə heyətləri Ermənistana səfərlər ediblər. Xüsusilə nəqliyyat və dəmir yolu sahələrinə məsul şəxslərin İrəvana səfərləri diqqət çəkir. Bu görüşlərdə geniş müzakirələrin aparıldığı və təmasların davam edə biləcəyi ehtimal olunur.
İlqar Vəlizadənin fikrincə, mövcud vəziyyət Rusiya ilə Ermənistanın müəyyən ortaq məxrəcə gəlməyə çalışdığını göstərir. Bununla yanaşı, Moskvanın İrəvanla dialoqu öz şərtləri çərçivəsində aparmaq istədiyi də istisna edilmir.
Politoloq vurğulayıb ki, Rusiya tərəfinin mövqeyi ilə bağlı səsləndirilən açıqlamalar və yayılan məlumatlar Ermənistan hakimiyyətinə ünvanlanan siyasi mesaj kimi də qiymətləndirilə bilər. Onun sözlərinə görə, Rusiya rəsmilərinin müəyyən hesabatlardan xəbərsiz olduqlarını bildirmələri həmin məlumatların Moskvanın digər dövlət qurumlarında müzakirə edilmədiyi anlamına gəlmir.
İlqar Vəlizadə əlavə edib ki, Rusiya Ermənistanla enerji və dəmir yolu sahələrində əməkdaşlığın gələcəyinə xüsusi əhəmiyyət verir. Moskvanın İrəvandan gözləntiləri arasında enerji sahəsində Rusiya ilə müqavilələrin bağlanması, eləcə də dəmir yolu infrastrukturunun fəaliyyəti ilə bağlı konkret mövqenin ortaya qoyulması ola bilər.
Politoloqun sözlərinə görə, xüsusilə dəmir yollarının, o cümlədən gömrük-keçid və tranzit imkanlarının bərpası məsələsində Ermənistanın hansı qərarı verəcəyi maraq doğurur. İrəvanın dəmir yollarının Rusiya konsessiyası çərçivəsində idarə olunmasının davam etdirilməsinə münasibəti də tərəflər arasındakı müzakirələrin əsas istiqamətlərindən biri ola bilər.
İlqar Vəlizadə hesab edir ki, Ermənistanın bu şərtlərə nə dərəcədə hazır olduğu və Moskva ilə münasibətlərdə hansı yolu seçəcəyi yaxın dövrdə atılacaq addımlardan aydınlaşacaq.