Trampın İrana qarşı növbəti zərbəsi seçkilərdən asılıdır?

Trampın İrana qarşı növbəti zərbəsi seçkilərdən asılıdır?
14:00

ABŞ-ın İrana qarşı hərbi əməliyyatları yenidən genişləndirib-genişləndirməyəcəyi yaxın aylarda Vaşinqtonun daxili siyasi mənzərəsindən də asılı ola bilər. Noyabrın 3-də keçiriləcək seçkilərin nəticələri Donald Tramp administrasiyasının həm hərbi, həm də diplomatik xəttinə təsir göstərə bilər.

Politoloq Aydın Quliyev bu barədə News365.az-a açıqlamasında danışıb.


Onun sözlərinə görə, noyabrın 3-dən sonra ABŞ-İran münasibətlərində həm diplomatik müstəvidə, həm də hərbi əməliyyatlarla bağlı müəyyən dəyişikliklərin baş verməsi mümkündür. Hazırda isə Vaşinqtonun İrana qarşı genişmiqyaslı zərbələr endirib-endirməyəcəyini dəqiq proqnozlaşdırmaq çətindir.

Politoloq bildirib ki, İsrailin İranda hədəf alınacaq məntəqələrin siyahısının hazırlandığı və bu prosesdə ABŞ-ın da iştirak etdiyi barədə açıqlamaları diqqət çəkir. Bununla belə, Vaşinqtonun həmin məsələyə münasibətdə tələsməməsi ABŞ rəhbərliyinin hələlik konkret mövqe ortaya qoymaq istəmədiyini göstərir.

Aydın Quliyevin fikrincə, ABŞ-ın İrana qarşı növbəti addımları ilə bağlı daha aydın mənzərə seçkilərdən sonra yarana bilər. Seçkilərin nəticələrindən asılı olaraq, Vaşinqton ya hərbi əməliyyatları yenidən aktivləşdirə, ya da diplomatik danışıqlara üstünlük verə bilər.

Politoloq vurğulayıb ki, noyabr seçkiləri Donald Tramp üçün xüsusi əhəmiyyət daşıyır. ABŞ Konqresinin hər iki palatasında qüvvələr nisbətinin dəyişməsi prezidentin siyasi imkanlarına birbaşa təsir göstərə bilər.

Onun sözlərinə görə, hazırda Trampın Respublikaçılar Partiyasının Konqresdəki üstünlüyü məhduddur və seçkilərdə bu üstünlüyün itirilməsi administrasiyanın fəaliyyətini çətinləşdirə bilər. Əksinə, respublikaçılar mövqelərini qoruyub gücləndirsələr, Trampın xarici siyasətdə, o cümlədən İranla bağlı məsələlərdə daha sərbəst qərarlar verməsi ehtimalı arta bilər.

Aydın Quliyev hesab edir ki, seçkilərdən sonra Respublikaçılar Partiyasının Konqresdə mövqelərini gücləndirməsi Tramp administrasiyasının İrana qarşı hərbi əməliyyatların yeni mərhələsinə başlaması ehtimalını da artıra bilər.


Sizin reklam burada
Sizin reklam burada